...

Azərbaycanın İtaliyadakı səfiri Roma meri ilə görüşüb (FOTO)

Siyasət Materials 20 Mart 2012 22:25 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çərşənbə axşamı Roma şəhərinin meri Canni Alemanno ilə görüşmüşdür. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.
Azərbaycanın İtaliyadakı səfiri Roma meri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 20 mart /Trend/

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çərşənbə axşamı Roma şəhərinin meri Canni Alemanno ilə görüşmüşdür. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.

Görüşdə səfir Roma merinə Azərbaycan və İtaliya arasında əlaqələr haqqında məlumat vermişdir. V.Sadıqov iki ölkə arasında siyasi əlaqələrin yüksək inkişaf etdiyini, iqtisadi sahədə də İtaliyanın son illərdə Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu vurğulamışdır. Ölkəmizin İtaliya regionları ilə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayan Azərbaycan diplomatı, paytaxt Roma şəhəri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd etmişdir.

Səfir son zamanlar Roma şəhəri ilə mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində bir sıra layihələrin uğurla həyata keçirildiyini, buna misal olaraq, Roma Sivilizasiyası Muzeyində fevral ayının 13-də açılmış və may ayının sonunadək davam edəcək "Azərbaycan, İpək yolu üzərində odlar yurdu" adlı sərgi, aprel ayında İtaliyada keçiriləcək Azərbaycan mədəniyyət günləri çərçivəsində Romada təşkil ediləcək konsert və s. qeyd etmişdir.

Bundan əlavə, V.Sadıqov Azərbaycan tərəfinin mədəniyyətlərarası dialoqa və mədəni irsin qorunmasına xüsusi önəm verdiyini vurğulamışdır. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən Romanın Kapitoli Muzeyində bərpa işlərinin bir hissəsi üçün maliyyə yardımının edilməsinin İtaliya, xüsusilə də Roma şəhəri ilə dostluq münasibətlərinin daha da gücləndirilməsinə tövhə verəcəyini bildirmişdir.

Roma şəhərinin meri C.Alemanno Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu qeyd etmiş və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və daha da gücləndiriləcəyinə əmin olduğunu bildirmişdir.

C.Alemanno Roma şəhərində tarixi abidələrin ümumdünya mədəni irsinə məxsus olduğunu, bu baxımdan Heydər Əliyev Fondu tərəfindən Roma şəhərinin Kapitoli Muzeyində bərpa işləri üçün maliyyə dəstəyinin Azərbaycan tərəfinin yalnız İtaliyanın deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinin qorunmasına verdiyi tövhəsi kimi qiymətləndirmiş və buna görə Heydər Əliyev Fonduna öz minnətdarlığını bildirmişdir.

Sonda tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək gələcək layihələr ətrafında fikir mübadiləsi aparmışlar. Səfir V.Sadıqov Roma merini Azərbaycana səfər etməyə dəvət etmişdir.

Görüş yerli mətbuatda geniş şəkildə işıqlandırılmışdır.

Xəbər lenti

Xəbər lenti