...

Ermənistan deputatlarının Avronest PA-nın Bakı sessiyasının işini pozmaq cəhdinin qarşısı alınıb

Siyasət Materials 3 Aprel 2012 16:44 (UTC +04:00)
Bu gün Bakıda keçirilən Avronest PA-nın plenar iclasında Ermənistan nümayəndə heyətinin deputatları ölkələrinin işğalçı mövqeyinə qarşı edilən tənqidlərə dözmədiklərini bildirərək etiraz çıxışları etməyə başlayıblar.
Ermənistan deputatlarının Avronest PA-nın Bakı sessiyasının işini pozmaq cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Bu gün Bakıda keçirilən Avronest PA-nın plenar iclasında Ermənistan nümayəndə heyətinin deputatları ölkələrinin işğalçı mövqeyinə qarşı edilən tənqidlərə dözmədiklərini bildirərək etiraz çıxışları etməyə başlayıblar.

Trend-in məlumatına görə, Ermənistan nümayəndə heyətinin üzvləri özlərinin faşist adlandırılmasından narahat olduqlarını bildiriblər.

Azərbaycanlı deputat Fuad Muradov cavab olaraq bildirib ki, Bakı iclası zamanı heç bir yeni söz deyilməyib.

"Biz Strasburda da, Brusseldə də, Vaşinqtonda da qaldırdığımız məsələlərin üstündə dururuq və bu, bizim beynəlxalq sənədlərlə təsdiqlənən haqlı mövqeyimizdir", - o deyib.

Muradov Avropa deputatlarından assambleyanın işinin yenidən pozulmasına imkan verməməyi xahiş edib.

Digər azərbaycanlı deputat Məlahət İbrahimqızı deyib ki, beynəlxalq dəyərlər, qanunun aliliyi hər kəs üçün mütləq olmalıdır.

"Biz qanunun aliliyindən danışırıqsa, beynəlxalq hüququn da aliliyindən danışmalıyıq. Burada heç kəs emosiyalara qapılmamalıdır. Biz BMT, Avropa İttifaqı, ATƏT kimi nüfuzlu qurumların qəbul etdiyi sənədlərə istinad edirik. Onlar bu sənədlərə öz etirazlarını bildirsinlər, çıxışlara deyil", - o deyib.

Deputat Azər Kərimli də söz alaraq deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca və işğal altında olan torpaqlar qaytarılmayınca "Şərq Tərəfdaşlığı" çərçivəsində Azərbaycanla Ermənistanın əməkdaşlığı qeyri-mümkün görünür.

Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Ovanesyan sonda başqa cür çıxış edib.

"Gərgin diskussiyalardan sonra Avronest-in bu iclası çərçivəsində Azərbaycan və Ermənistan deputatları arasında kompromis ab-havası əmələ gəlib. Bu, gərgin münasibətlər yaşayan iki ölkə arasında xoşa gələn haldır. Mən çox ümid edirəm ki, burada iki ölkənin deputatları arasında yaranan münasibət iki ölkənin hökumətləri arasında da kompromis mühit yaradacaq. Bu da iki ölkə arasındakı yaşanan gərginliklərin konstruktiv sonluqla nəticələnməsinə səbəb olacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti