...

Prezident İlham Əliyevə MDB Parlament Assambleyasının "Birlik" ordeni təqdim edilib (FOTO)

Siyasət Materials 9 Aprel 2012 20:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyevə MDB Parlament Assambleyasının "Birlik" ordeni təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğunu vurğuladı. Əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd edən Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun ölkəmizə səfərinin Azərbaycan ilə Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Xanım Valentina Matviyenko ölkəmizə səfəri zamanı ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğuladı. O, Azərbaycan Prezidenti İlham Əliyevin MDB ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə ötən ilin dekabrında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının qərarı ilə təşkilatın "Birlik" ordeninə layiq görüldüyünü deyib və ordeni dövlətimizin başçısına təqdim edib.

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının yüksək ordeni ilə təltif olunması ilə bağlı təşkilatın qərarına görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bunu MDB məkanında əməkdaşlığın genişləndirilməsində Azərbaycanın fəaliyyətinə verilən qiymət kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti