...

Mehriban xanım Əliyeva: Azərbaycan əsl idman bayramı təşkil edəcək

Siyasət Materials 14 Aprel 2012 13:35 (UTC +04:00)
Bakı şənbə günü Moskvada 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün öz ərizəsini təqdim edib.
Mehriban xanım Əliyeva: Azərbaycan əsl idman bayramı təşkil edəcək

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bakı şənbə günü Moskvada 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün öz ərizəsini təqdim edib. Təqdimat Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilən Baş Assambleyası çərçivəsində baş tutub. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

"Bu, bizim evimizdir, biz öz evimizi hamı ilə bölüşmək istərdik. İnsanlar öz mədəniyyətlərini bölüşmək üçün Bakıya toplaşırlar, bizim keçmişimizin müxtəlifliyi isə müsbət gələcək formalaşdıra bilər. Biz sübut etmək istəyirik ki, Olimpiya Oyunları sadəcə olaraq idmana, səhiyyəyə və həyat səviyyəsinə etibarlı investisiyaların qoyulması deyil, biz sübut etmək istəyirik ki, belə böyük tədbiri məsuliyyətlə hazırlaya bilərik. Təsəvvür edin, Olimpiya Oyunları dünyanın yeni regionunda keçiriləcək - onlar sizə qədim, lakin hələ tanınmayan mədəniyyətləri tanıdacaq. Biz əsl idman bayramı təşkil edəcəyik. Bütün dünyada dəyişiklik baş verir, sosial məsələlər kəskin şəkildə qarşıda durur və biz bilirik ki, dəstəklədiyimiz dəyərlər Olimpiya Oyunlarını qəbul edən şəhərlərin gələcəyinə necə təsir edə bilər", - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bəyan edib.

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Azərbaycan "yeddi millik addımlarla tərəqqi yolunda irəliləyir". "Bakıda idman üçün ideal iqlim, gözəl dəniz, heyranedici tarix var. Bizdə ən güclü və sürətlə artan iqtisadiyyat mövcuddur. Əminəm ki, Azərbaycanın gələcəyi idman üçün və əhalimiz üçün dəyişəcək. Biz Olimpiya hərəkatı ilə birgə çalışmalıyıq, bizim tərəfdaşlıq münasibətlərimiz olmalıdır. Bu nadir imkan Olimpiya hərəkatının tarixində yeni səhifə açacaq. Biz təkcə ərizə, əlverişli proqnozlar vermirik. Biz yerli və regional idmançılara xidmət etmək ehtiyacına cavab verən Olimpiya Oyunlarının modelini təklif etmək istəyirik. Olimpiadanın keçirilməsi gələcəyə əlverişli investisiyalardır", - Məmmədov deyib.

Qeyd olunub ki, Olimpiya Oyunlarını keçirmək istəyi Azərbaycan hökumətinin, Bakının, MOK-un və ölkə əhalisinin 95 faizinin dəstəyinə malikdir.

"Bakı sizi Xəzər dənizinin sahillərində salamlamağa, dünyanın hər yerindən gələn milyonlarla idmançı və azarkeş üçün ev sahibi olmağa hazırdır. Bizim zəngin tarixi irsimiz var, burada Şərq Qərblə görüşür. Millətlərarası dözümlülük bizim birliyimizin əsasına çevrilib. Biz Olimpiya Oyunlarında ayrıca, müstəqil ölkə kimi iştirak etməyə bu yaxınlarda başlamışıq, lakin biz artıq çoxdan müxtəlif miqyaslı yarışlarda iştirak edirik. Biz anlayırıq ki, Olimpiadanın keçirilməsi üçün siyasi və maliyyə investisiyaları lazımdır və biz hazırıq, çünki həqiqətən bu yarışı keçirmək istəyirik. Ölkəmizdə hər şey 9 milyon insanın həyatının yaxşılaşdırılmasına yönəlib. Biz Olimpiya hərəkatının dəyərlərini dəstəkləyirik. Əgər bizə şərəf versələr və Olimpiya Oyunlarının keçirilməsini bizə etibar etsələr, biz onları sülh, bəşəriyyət və dostluq naminə ədalətli rəqabət ruhunda təşkil edəcəyik", - ərizənin təqdimatçıları qeyd ediblər.

Rusiya paytaxtına 203 MOK-un nümayəndələri gəlib. MOK prezidentlərindən başqa, assambleyada bir çox ölkələrin idman nazirləri də iştirak edirlər. Forumun əsas hadisəsi 2020-ci ildə Olimpiya Oyunlarının keçirilməsi üzrə namizəd şəhərlərin təqdimatıdır.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün beş şəhər iddialıdır: Bakı, Doha (Qətər), Madrid (İspaniya), İstanbul (Türkiyə) və Tokio (Yaponiya).

Xəbər lenti

Xəbər lenti