...

Mübariz Qurbanlı: Avropa Parlamentinin qəbul etdiyi qətnamə diplomatiyamızın növbəti uğurudur

Siyasət Materials 23 Aprel 2012 13:00 (UTC +04:00)
Avropa Parlamentinin qəbul etdiyi qətnamə diplomatiyamızın növbəti uğurudur.
Mübariz Qurbanlı: Avropa Parlamentinin qəbul etdiyi qətnamə diplomatiyamızın növbəti uğurudur

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Avropa Parlamentinin qəbul etdiyi qətnamə diplomatiyamızın növbəti uğurudur. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.

O qeyd edib ki, Azərbaycanla Ermənistanın Avropa İttifaqına assosiativ üzv olması ilə bağlı danışıqlar gedir.

"Bu danışıqlar fonunda Avropa Parlamentinin işğal olunmuş ərazilərimizdən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması, o cümlədən Ermənistandan hərbiçilərin Dağlıq Qarabağa gətirilməsinin məhdudlaşdırılması və qadağan edilməsi ilə əlaqədar qətnamədə yer alan fikirlər əslində Ermənistana siyasi-ideoloji baxımdan ağır zərbədir. Bu, erməni diplomatiyasının məğlubiyyətidir", - Qurbanlı bildirib.

O deyib ki, Ermənistan KİV-ləri bu məsələni gizlətmək istəyirlər, amma fakt faktlığında qalır.

Onun sözlərinə görə, Azərbaycan diplomatiyası növbəti dəfə Avropa Parlamentində qəbul edilmiş həmin sənədlə Ermənistan üzərində üstünlüyünü açıq şəkildə nümayiş etdirib.

Millət vəkilinin fikrincə, bu hadisə bizim ədalətli mövqeyimizin bir daha müdafiə olunmasıdır.

"Hesab edirəm ki, bu hadisə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Bütövlükdə, Azərbaycan bütün sahələrdə üstünlüyünü nümayiş etdirməkdədir, diplomatik sahədə də üstünlüyümüz bu tipli qərarlarla özünü aydın şəkildə büruzə verir", - Qurbanlı vurğulayıb.

YAP icra katibinin müavini qeyd edib ki, Avropa İttifaqının Dağlıq Qarabağ probleminin həlli prosesinə fəal şəkildə qoşulması münaqişənin həllinə müsbət təsir göstərə bilər.

"Bunun üçün təşkilatın özü təşəbbüslər göstərməlidir. Eyni zamanda, Aİ-nin həll prosesinə cəlb olunması üçün BMT Təhlükəsizlik Şurasının müvafiq addımlar atması zərurəti var.

Məlum olduğu kimi, may ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

"Bütövlükdə, bu quruma üzv olmağımız ölkəmizin ciddi nailiyyətidir. Sədrlik müddətində isə diplomatiyamız, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın ədalətli və beynəlxalq hüququ müdafiə etdiyini bir daha nümayiş etdirəcək", - millət vəkili deyib.

Qurbanlı vurğulayıb ki, bu, Azərbaycanın tarixində çox böyük hadisə olacaq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti bütövlükdə Qarabağ məsələsinin həllinə də müsbət təsir göstərməlidi.

Xəbər lenti

Xəbər lenti