...

Konqresmen Stiv Koen: Azərbaycan bölgədə ABŞ-ın mühüm müttəfiqinə çevrilib (FOTO)

Siyasət Materials 27 Aprel 2012 10:46 (UTC +04:00)
Aprelin 26-da Vaşinqtonda “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” konfransı işinə başlayıb
Konqresmen Stiv Koen: Azərbaycan bölgədə ABŞ-ın mühüm müttəfiqinə çevrilib (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Aprelin 27-də Vaşinqtonda "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" konfransı işinə başlayıb.

Trend-in nümayəndə heyətinə istinadən verdiyi məlumatına görə, tədbiri Oklahoma ştatının keçmiş dövlət katibi Syuzen Savic açaraq, konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf yolundan bəhs edib.

Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-la Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu deyərək qeyd edib ki, konfransın başlıca məqsədlərindən biri mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir. Missisipi ştatından olan senator Rocer Uiker iki ölkə arasında beynəlxalq təhlükəsizlik, o cümlədən, enerji təhlükəsizliyi sahəsində yaranıb və möhkəmlənməkdə olan tərəfdaşlıq münasibətlərinin strateji əhəmiyyətini qeyd edib, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov konfransda Amerikanın yüksək səviyyəli ictimai və siyasi xadimlərinin iştirak etdiyini bildirmiş və onlara təşəkkür edib. ABŞ-la Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu deyən səfir bu oxşarlıqlar sırasında tolerantlığı xüsusi vurğulayıb. O, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini qeyd etmiş, irəlidə daha böyük işlərin olduğunu vurğulamışdır. Tennessi ştatından seçilmiş konqresmen Stiv Koen Azərbaycanın yerləşdiyi bölgənin əhəmiyyətindən danışaraq bu mürəkkəb bölgədə ABŞ-ın mühüm müttəfiqinə çevrildiyini söyləyib. Luizianadan olan konqresmen Bill Kəssidi beynəlxalq təhlükəsizliyin əsası təşkil edən enerji təhlükəsizliyi üzərində xüsusi dayanaraq, Azərbaycanın bu baxımdan geostrateji önəm kəsb etdiyini bildirmişdir.

ABŞ-Azərbaycan diplomatik əlaqələri tarixinin, Azərbaycanın müstəqillik uğrunda mübarizə yolu və bu yolda üzləşdiyi çətinliklərin, ölkənin son dövrdə əldə etdiyi iqtisadi nailiyyətlərin əks olunduğu film konfrans iştirakçılarına təqdim edilmişdir.

Konqresmen Ted Po bu tədbirdə iştirakdan məmnunluğunu bildirmiş və təmsil etdiyi Texas ştatının da Azərbaycan kimi böyük neft tarixinə malik olduğunu nəzərə çatdırmışdır. Azərbaycanın 20-ci əsrin əvvəllərində bölgəyə siyasi və iqtisadi azadlıqlar gətirdiyini qeyd edən konqresmen Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə yolundan danışmış, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyinin bərpa olunduğunu xatırladaraq, həmin dövrdən ABŞ-la siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdirildiyini diqqətə çatdırmış, Azərbaycanı öz enerji resurslarından düzgün və səmərəli istifadə edən az sayda ölkələrdən biri kimi səciyyələndirmişdir. O, Azərbaycanın ABŞ-la dost olduğunu sözdə deyil, əməldə sübut etdiyini vurğulayaraq, bunun özünü beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıqda əyani şəkildə göstərdiyini bildirmişdir.

Sonra konfransın işi sessiyalarda davam etdirilmişdir. "ABŞ-Azərbaycan tərəfdaşlığının iki onilliyi: 20 illik birgə fəaliyyətin dərsləri" adlanan birinci sessiyada moderatorluğu Almaniyanın Marşal Fondunun rəhbəri Coşua Uoker etmişdir. Sessiyada ABŞ Administrasiyasını təmsil edən Dövlət katibi köməkçisinin müavini Erik Rubin Azərbaycana iqtisadi uğurlarla yanaşı, demokratik islahatlar baxımından böyük önəm verildiyini deyərək ötən 20 ildə ikitərəfli münasibətlərdə əldə olunan uğurlardan danışmış, gələcək əməkdaşlıqla bağlı böyük gözləntilər olduğunu söyləmişdir. Atlantik Şurasının Dinu Patrisiu Avrasiya Mərkəzinin direktoru Ros Uilson Azərbaycanda ABŞ-ın səfiri vəzifəsində çalışdığı dövrdə Amerikanın Azərbaycanla bağlı həyata keçirdiyi humanitar proqramları xatırlatmış, eyni zamanda 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-a verdiyi dəstəkdən geniş söz açmış, bu dəstəyin mürəkkəb beynəlxalq münasibətlər dövründə əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev iki ölkə arasında diplomatik münasibətlərin ilkin dövrlərdə çətinliklərlə müşaiyət olunduğundan bəhs etmiş, lakin ikitərəfli münasibətlərin bugünkü yüksək səviyyəyə çatacağına daim inandığını dilə gətirmişdir. Azərbaycanın iqtisadi uğurlarından söz açan Hafiz Paşayev artıq xarici ölkələrdə sərmayə proqramları həyata keçirən dövlət durumuna gəldiyini məmnunluqla qeyd etmişdir.

İraq və Əfqanıstandakı əməliyyatlar zamanı Azərbaycanın ABŞ-a böyük dəstək verdiyini söyləyən Paşayev təhlükəsizlik sahəsində iki dövlət arasında əlaqələri yüksək qiymətləndirmişdir.

Ölkənin beynəlxalq münasibətlərdə əldə etdiyi uğurlardan bəhs edən diplomat Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq birlik tərəfindən dövlətimizin əhəmiyyətinin təsdiqlənməsi kimi qiymətləndirmişdir.

ABŞ-la Azərbaycan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını deyən Paşayev bunun ABŞ-dakı erməni lobbisinin təsirinin xeyli azaltdığını da sözlərinə əlavə etmişdir. Azərbaycan Diplomatiya Akademiyasının fəaliyyəti haqda məlumat verən Paşayev bu ali təhsil ocağının ABŞ-dan olan çox sayda professor və müəllimlərlə əməkdaşlığını qeyd etmişdir.

Milli Təhlükəsizlik Şurasının direktoru və Dövlət Katibi köməkçisinin keçmiş müavini Devid Merkel öz çıxışında ABŞ-la Azərbaycan arasındakı əlaqələrə kölgə salan 907-ci düzəliş barədə söz açaraq həmin layihənin qəbul edildiyi dövrdə Amerika konqresmenlərinin Azərbaycanın yerləşdiyi bölgə haqqında məlumatlarının "utancverici" olduğunu qeyd etmişdir. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan Merkel ATƏT-in Minsk qrupunun fəaliyyətində səmərəliliyin artırılmasının və münaqişənin həllinin sürətləndirilməsinin vacib olduğunu bildirmişdir.

Heritage Fondunun Rusiya və Avrasiya Tədqiqatları və Beynəlxalq Enerji Siyasəti üzrə baş tədqiqatçısı Ariel Koen Azərbaycanın ötən 20 ildə möhtəşəm uğurlar əldə etdiyini söyləmiş, son illərdə ümumi daxili məhsulun 3 dəfə artmasını xüsusi qeyd edərək bunu "inanılmaz nailiyyət" adlandırmışdır. Azərbaycanın İraq və Əfqanıstanda aparılan əməliyyatlarda iştirakını vurğulayan Koen Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın Azərbaycana dəstəyinin vacibliyini qeyd etmişdir. Bölgəyə digər böyük güclərin ciddi maraq göstərdiyini deyən Koen Azərbaycanın regionun ən vacib dövləti olduğu nəzərə alınaraq ABŞ-ın bu ölkəyə diqqətinin artırılması zərurətinı bildirmişdir. Enerji nəqli layihələrinin uğurla həyata keçirildiyini deyən Ariel Koen həmin layihələrin davamı olaraq Transanadolu və Mərkəzi Asiya enerji resurslarının Qərbə nəqli layihələrinin əhəmiyyətindən söz açmışdır. Eyni zamanda əmin olduğunu bildirmişdir ki, Azərbaycanın iqtisadi nailiyyətləri yaxın gələcəkdə onun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmasını mümkün edir.

Nyu-Yorkdan olan konqresmen Qreqori Miks Azərbaycanın uğurlarının səbəblərini anlamaq üçün bu ölkəyə səfər etməyin vacib olduğunu demişdir. Arizonalı konqresmen Trent Frenks də təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığından geniş bəhs etmişdir. Konqresmen Qreq Harper təmsil etdiyi Missisipi ştatı ilə Azərbaycan arasında olan oxşarlıqlardan bəhs edərək enerji layihələri üzərində xüsusi olaraq dayanmışdır. Bu layihələrin yeni iş yerləri açdığını və qlobal enerji təhlükəsizliyinə töhfələr verdiyini bildirən konqresmen Azərbaycanın təkcə regionun deyil, bütün dünyanın iqtisadiyyatına müsbət təsir göstərdiyini demişdir.

Sonra konfrans iştirakçılarının sessiya məruzəçilərinə sualları cavablandırılmışdır.

Xəbər lenti

Xəbər lenti