...

Azərbaycanın Almaniyadakı səfirliyi böhtan və uydurma dolu kampaniyadan təəssüflənir

Siyasət Materials 30 Aprel 2012 16:41 (UTC +04:00)
Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin bəyanatı yayılıb. Bu barədə bazar ertəsi Trend-ə səfirlikdən məlumat verilib.
Azərbaycanın Almaniyadakı səfirliyi böhtan və uydurma dolu kampaniyadan təəssüflənir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin bəyanatı yayılıb. Bu barədə bazar ertəsi Trend-ə səfirlikdən məlumat verilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda çıxan "Yeni Azərbaycan" qəzetində Almaniyanın bəzi dairələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən fəaliyyətlə bağlı dərc olunan məqaləyə Almaniyanın Azərbaycandakı səfirliyi mövqe bildirib.

"Almaniyanın Bakıdakı səfirliyinin məsələyə bu cür reaksiyası təəccüb doğurur. Birincisi ona görə ki, Almaniyada olduğu kimi, Azərbaycanda da mətbuat müstəqildir və Azərbaycan hökumətinin mətbuat orqanlarına təsir göstərmək səlahiyyətləri yoxdur. Digər tərəfdən, Almaniyada artıq bir müddətdir, yəni Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki qələbəsindən sonra bəzi dairələr tərəfindən birdən-birə sistemli şəkildə çirkin antiazərbaycan kampaniyası aparılmaqdadır. Məyusedici haldır ki, həmin kampaniyada Almaniya hökumətinin insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Avropa Şurasındakı təmsilçisi Kristofer Ştrasser və eləcə də Almaniya Bundestaqının bəzi deputatları fəal iştirak edib və hazırda da iştirak etməkdədirlər. Bu kampaniyaya Almaniyanın bir sıra mətbuat orqanları, o cümlədən "Şpigel", "ARD" kimi media qurumları təbliğat dəstəyi verməkdədir", - səfirliyin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, kampaniya nəticəsində yayılan məlumatların mahiyyətindən aydın şəkildə görünür ki, Almaniyada bəzi dairələr Azərbaycanın imicinə zərbə vurmaq məqsədi güdürlər.

"Lakin biz hesab edirik ki, bu cür böhtan və uydurma dolu kampaniya Almaniya xalqının Azərbaycana olan mövqeyini dəyişdirə bilməz və bu kampaniyanı aparanlar Azərbaycan ilə Almaniya arasında uzun illərdir formalaşmış sıx mehriban dostluq və əməkdaşlıq münasibətlərinə zərbə vurmaq məqsədinə çatmayacaqlar", - bəyanatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti