Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi beynəlxalq missiyanı öz üzərinə şərəflə götürdüyündən xəbər verir. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.
"Azərbaycanın xarici siyasəti bütövlükdə sülhə və təhlükəsizliyə dəstək verməkdən ibarətdir. Azərbaycana qarşı təcavüz edilməsinə, Azərbaycanın bu təcavüzün qurbanına çevrilməsinə baxmayaraq, Azərbaycan sülh uğrunda mübarizə aparır və ölkəmiz BMT TŞ-yə sədrliyi dövründə götürdüyü şərəfli missiyasını da yerinə yetirir. Güman edirəm ki, Azərbaycanın bu missiyanı yerinə yetirməsində atdığı addımlar bütün dövlətlər tərəfindən qəbul olunacaq. Azərbaycan ədalət uğrunda mübarizə aparacağını bəyan edib", - Əhmədov əlavə edib.
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan bu günü çoxdan gözləyirdi.
"Çünki biz ayrı-ayrı beynəlxalq təşkilatlarda terrora məruz qalmağımızdan, bizə qonşu dövlətin, Ermənistan rəhbərliyinin terroru rəsmi dövlət siyasətinə çevirməsindən dəfələrlə danışmışdıq, amma səsimiz bu şəkildə geniş eşidilmirdi. Ona görə də dünən Azərbaycan Prezidentinin sədrliyi ilə BMT TŞ-də keçirilən iclası yüksək qiymətləndirirəm. Və hesab edirəm ki, burada cənab Prezident haqqın, ədalətin güclənəcəyini və beynəlxalq sülhün təhlükəsizliyinin onun sədrliyi müddətində prioritet məsələ kimi qarşıya qoyulacağını söyləməklə Azərbaycanın mövqeyini və bu məsələlərə münasibətini ortaya qoydu. Düşünürəm ki, bu məsələlər ətrafında öz mövqeyi olmayan dövlət yoxdur. Olsa da bunu hər hansı şəkildə ortaya qoya bilməz", - Muradova əlavə edib.