Azərbaycan, Bakı, 5 may /Trend/
"Yeni Azərbaycan" qəzeti ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev zirvəsi" adlı xüsusi buraxılış hazırlayıb.
Trend-in məlumatına görə, otuz altı səhifəlik, rəngli formatda və yüksəkkeyfiyyətli kağızda çap olunmuş nəşrdə ulu öndərin titanik fəaliyyətindən bəhs edən məqalələr, həyat və fəaliyyətinin müxtəlif məqamlarına dair şəkillər verilib.
Xüsusi buraxılışda ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Respublikasına ilk dəfə rəhbərliyə gəlməsi, müstəqillik illərinədək dövlətimizin sosial-iqtisadi və mədəni inkişafı naminə həyata keçirdiyi işlər haqqında məqalə və şəkillər yer alıb.
Bununla yanaşı, jurnalda Yeni Azərbaycan Partiyasının yaradılmasında, ölkədə ictimai-siyasi və sosial-iqtisadi sabitliyin bərqərar edilməsində, hərbi, səhiyyə, təhsil, mədəniyyət sahələrinin inkişaf etdirilməsində, eyni zamanda, siyasi sistemin möhkəmləndirilməsində, demokratikləşmə və vətəndaş cəmiyyətinin formalaşması prosesinin sürətləndirilməsi istiqamətində real addımların atılmasında ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri qeyd olunub.
Xüsusi buraxılışda ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkənin modernləşdirilməsi üçün həyata keçirdiyi tədbirləri, həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın cəmiyyətin sosial və mədəni sferalarındakı fəaliyyətini əks etdirən fotolar da öz əksini tapıb.
Nəfis tərtibatda çap edilmiş xüsusi buraxılışda, eyni zamanda, ulu öndər Heydər Əliyevin ailə şəkilləri də dərc olunub.