...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xəzər rayonunda bir sıra obyektlərin açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 May 2012 21:28 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 9-da Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak etmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xəzər rayonunda bir sıra obyektlərin açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 20:25-də yayılıb)

Azərbaycan, Bakı, 9 may /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 9-da Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak etmişdir.

Mehriban xanım Əliyeva kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş

kompleksə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər daxildir. Tikintisinə 2011-ci ilin oktyabrında başlanan binanın ətrafında abadlıq işləri görülmüş, yollara asfalt örtüyü çəkilmişdir. Tikinti işləri yerli və xarici mütəxəssislər tərəfindən AFFA-nın və FİFA-nın nəzarəti altında həyata keçirilmişdir. Kompleksdə idman zalları, tədris otaqları, məşq avadanlığı, meydança FİFA-nın standartlarına uyğundur.

Binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi və ümummilli liderin idmanın inkişafına diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdır. İkimərtəbəli binanın birinci mərtəbəsində şahmat, dama, boks, güləş, trenajor zalları, həmçinin ingilis və fransız dillərinin tədrisi üçün linqofon kabinetləri, məşqçi, paltardəyişmə, həkim otaqları və sanitar qovşaqları vardır.

Azərbaycanın birinci xanımı fransız və ingilis dillərinin tədrisi otaqları ilə tanış oldu. Burada tədris xüsusi kompyuter proqramları əsasında aparılacaqdır.

Məşqçi otaqlarına, trenajor və güləş zallarına baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, burada ən müasir avadanlıq quraşdırılmışdır.

Kompyuter otağı ilə tanışlıq zamanı bildirildi ki, gənclər kompleksin bu bölməsində 3 min metr məsafədə fiber-optik kabellə internetə qoşulacaq, data şəbəkəsindən, ADSL modem sistemindən istifadə edəcəklər.

Birinci xanım Mehriban Əliyeva şahmat, dama otaqları ilə də tanış oldu. Diqqətə çatdırıldı ki, otaqlarda məxsusi monitorlar quraşdırılmış, kompyuterlər xüsusi proqramlarla təchiz edilmişdir.

Boks zalına gələn Mehriban xanım Əliyevaya məlumat verildi ki, burada idmanın bu növü ilə məşğul olmaq üçün yüksək şərait yaradılmışdır.

Binanın ikinci mərtəbəsində isə VİP otaq, futbol oyunlarını izləmək üçün VİP tribuna, qış bağı - vestibül, qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı, eləcə də inzibati otaqlar vardır.

Azərbaycanın birinci xanımı VİP otaqla tanış oldu, tribunadan beynəlxalq standartlar səviyyəsində xüsusi ot örtüyü ilə döşənmiş futbol meydançasına baxdı. Stadionda elektron lövhə, səsgücləndiricilər və şərhçilər üçün kabinələr quraşdırılmışdır. 1500-dən çox oturacağı olan tamaşaçı salonunda meydançanı dirəyinin hündürlüyü 28 metr olan dörd projektor qurğusu işıqlandıracaqdır. Salonun üstü xüsusi membran çadırla örtülmüşdür.

Mehriban xanım Əliyevaya məlumat verildi ki, kompleksdə dopinqə nəzarət, hakim, məşqçi, həkim, masaj, yuyunma otaqları və konfrans zalı yerləşən xüsusi bina da tikilmişdir. Burada da işlər FİFA-nın və UEFA-nın beynəlxalq standartlarına uyğun surətdə görülmüşdür.

Mehriban xanım Əliyeva həmçinin Xətai rayonundakı 3 nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yay istirahət düşərgəsinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsdi və istirahət düşərgəsində yaradılmış şəraitlə yaxından tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər vardır.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yay istirahət düşərgəsində yenidənqurma işləri 2010-cu ilin fevralında başlanmışdır.

Bildirildi ki, 120 yerlik dördmərtəbəli düşərgədə uşaqların istirahəti və əyləncəsi üçün yüksək şərait yaradılmışdır.

Burada uşaqlar kompyuterlər vasitəsilə informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanmışdır. Balacalar buradakı geniş yeməkxananın xidmətindən istifadə edəcəklər.

Birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, düşərgədə uşaqların əylənmələri üçün maraqlı tədbirlər təşkil ediləcəkdir. Binanın dördüncü mərtəbəsində məhz bunun üçün əlverişli şərait yaradılmışdır.

Mehriban xanım Əliyeva burada 3 nömrəli uşaq evinin əməkdaşları və uşaqlarla görüşdü, yay istirahət düşərgəsinin hazır olması münasibətilə onları təbrik etdi.

Azərbaycanın birinci xanımı binanın eyvanından açılan gözəl mənzərəni seyr etdi.

Qeyd edildi ki, düşərgədə uşaqların idmanla məşğul olmaları üçün də hər cür şərait vardır. Burada futbol meydançası yaradılmış, hovuz tikilmişdir. Düşərgənin müxtəlif ağacların və dekorativ kolların əkildiyi həyətində müasir işıqlandırma sistemi qurulmuş, əyləncə guşələri yaradılmışdır. Yay istirahət düşərgəsinin binasında təhlükəsizlik kameraları və siqnal sistemi quraşdırılmışdır.

Bildirildi ki, binanın oğlanlar üçün nəzərdə tutulan ikinci mərtəbəsində hər biri 15 nəfərlik dörd yataq otağı vardır. Buradakı 200 nəfərlik iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi avadanlıq quraşdırılmışdır. Binanın üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulmuşdur.

Məlumat verildi ki, Xətai rayonundakı 3 nömrəli uşaq evi 1937-ci ildən fəaliyyət göstərir. Burada 3 yaşdan 18 yaşa qədər valideyn himayəsindən məhrum olmuş 102 uşaq yaşayır və tərbiyə olunur. 1989-cu ildən 1990-cı ilə qədər kimsəsiz uşaqlar yay fəslində uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən sağlamlıq zonasında dincəlirdilər. 1991-ci ildən sağlamlıq zonası yaşayış üçün yararsız hala düşdüyündən fəaliyyətini dayandırmışdır. Bu düşərgə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra qapılarını yenidən uşaqların üzünə açmışdır.

Azərbaycanın birinci xanımı həmçinin Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti kəsdi və körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə yaxından tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostend qurulmuşdur.

Bildirildi ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində aparılmış yenidənqurma işləri nəticəsində 120 yerlik körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılmışdır. İki mərtəbədən və zirzəmidən ibarət binada yenidənqurma işlərinə 2011-ci ilin fevralında başlanmışdır.

Körpələr evi-uşaq bağçasında balacalar xüsusi otaqlarda gimnastika və intellektual idman növü sayılan şahmatla məşğul olacaqlar. Uşaqların öz fantaziyalarını rəsm vasitəsilə reallaşdırmaq imkanı da olacaqdır. Onların musiqi zövqünü formalaşdırmaq üçün isə xüsusi otaq yaradılmışdır.

Diqqətə çatdırıldı ki, körpələr evi-uşaq bağçasının idman zalı təhlükəsiz qurğularla təchiz olunmuşdur. Burada altı qrup - bir orta, bir kiçik, iki böyük və iki məktəbə hazırlıq qrupları vardır.

Məlumat verildi ki, binanın zirzəmisində anbar, camaşırxana, qabyuma, arxiv və digər otaqlar yerləşir. Yeməkxana da müasir tələblərə cavab verir. Uşaqların naharla təminatı mərkəzləşmiş qaydada həll edilir. Bunun üçün binanın zirzəmisindəki mətbəxdə hazırlanan yeməklər yük lifti vasitəsilə mərtəbələrə paylanır. Hər qrupun ayrıca mətbəxi vardır.

Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, körpələr evi-uşaq bağçasının həyətyanı sahəsində abadlıq işləri aparılmışdır. Həyətdə uşaq oyun meydançaları yaradılmış, 50 kubmetrlik içməli su, 80 kubmetrlik yanğın əleyhinə su anbarları tikilmişdir. İşıqlandırma sisteminin tamamilə yeniləndiyi körpələr evi-uşaq bağçasında təhlükəsizlik kameraları və siqnal sistemləri də quraşdırılmışdır.

Beləliklə, Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli uşaqlar yetişdirmək üçün Heydər Əliyev Fondu növbəti uğurlu layihələri həyata keçirmişdir.

Xəbər lenti

Xəbər lenti