Nazirin yeni görüşləri barədə məlumat əlavə olunub (ilk xəbər 17:57-də yayılıb)
Azərbaycan, Bakı, 9 may /Trend/
Mayın 9-10-da Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fələstinli və iranlı həmkarı Riyad Əl-Maliki və Əli Əkbər Salehi, həmçinin Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Umarov ilə görüşlər keçirib.
XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşlər zamanı ikitərəfli münasibətlər, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov, həmçinin tədbirdə iştirakı çərçivəsində Sudanın xarici işlər üzrə dövlət naziri Salah Vanasi ilə görüş keçirib. Sudanın dövlət naziri BMT Təhlükəsizlik Şurasında sədrliyinin başlaması ilə bağlı Azərbaycanı təbrik edib, Sudanın ölkəmizlə əməkdaşlığını genişləndirmək əzmində olduğunu vurğulayıb və ölkəsindəki vəziyyət barədə məlumat verib.
Görüşdə BMT Təhlükəsizlik Şurasının gündəliyində duran Sudanla bağlı məsələ ətrafında tərəflər arasında fikir mübadiləsi aparılıb.
Məmmədyarov həmçinin Cənubi Afrika Respublikasının Xarici İşlər Naziri xanım Maite Nkoana-Maşabane, Serbiya Respublikasının Xarici İşlər Naziri Vuk Yeryomıç və Belarus Respublikasının Xarici İşlər Nazirinin müavini Sergey Aleynik ilə görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli münasibətlər, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.