...

Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası İranda bəzi din xadimlərinin çağırışlarından narahatdır

Siyasət Materials 11 May 2012 19:01 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası son zamanlar İran İslam Respublikasının bəzi din xadimlərinin çağırışları və Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunun qarşısında keçirilən aksiyalar zamanı səsləndirilən fikirlərdən narahatlığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası İranda bəzi din xadimlərinin çağırışlarından narahatdır

Azərbaycan, Bakı, 11 may /Trend/

Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası son zamanlar İran İslam Respublikasının bəzi din xadimlərinin çağırışları və Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunun qarşısında keçirilən aksiyalar zamanı səsləndirilən fikirlərdən narahatlığını bildirib. Bununla əlaqədar olaraq Şura bəyanat yayıb.

"On dörd əsr bundan əvvəl İslam dünyasına qovuşmuş Azərbaycan xalqı hər zaman müqəddəs dini dəyərləri ilə fəxr edib, özünün bir millət kimi formalaşmasında bu dəyərlərə istinad edib. Son bir əsr ərzində müstəqilliyini qazandığı ilk anlardan islami mənsubiyyətimiz dövlət bayrağımızda öz əksini tapıb. 70 illik ateizm rejimindən sonra xalqımızın ülvi arzularını gerçəkləşdirərək məscid və ziyarətgahlarımıza yeni həyat bəxş edən Heydər Əliyevin dövlət başçısı kimi ilk əməli addımlarından birini Peyğəmbərimiz Mühəmməd Salavatullahın mübarək Mövludu günündə Təzəpir məscidini ziyarətdən başlaması, müqəddəs Kəbə evini ziyarət etməsi, nisgilli Bibiheybət məscidinin bərpası barədə sərəncamı Azərbaycanda dini dəyərlərin dirçəldilməsi yönündə önəmli tədbirlərdəndir. Ulu öndərin xalqımızın xoşbəxt gələcəyi ilə bağlı ülvi arzularını davamlı olaraq həyata keçirmək missiyası isə dövlətimizin möhtərəm başçısı İlham Əliyevə nəsib olub. Dünya şahiddir ki, bu gün dövlətimizin başçısının səyləri sayəsində Azərbaycan uğurlu, yüksək inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində nailiyyətlər qazanır. Uğurlarımızın təminində, şübhəsiz ki, milli mənəvi ənənələrimizə sahib çıxmağımız, bu ənənələrin kökündə duran dini dəyərlərimizə, bütün dinlərin nümayəndələrinə ehtiramlı münasibətimiz böyük rol oynayır", - Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, sovetlər dönəmində Azərbaycanda 18 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda 2000-ə yaxın ibadət məkanı fəaliyyət göstərir. Dövlətin maddi və mənəvi dəstəyi, habelə Heydər Əliyev Fondunun xətti ilə təkcə son 10 il ərzində Azərbaycanda 417 məscid təmir və bərpa olunub, nəinki ölkə daxilində, həmçinin ölkəmizin hüdudlarından kənarda məscidlərin təmir və bərpası reallaşdırılıb.

"Elə bu günlərdə Serbiyada dövlətimizin başçısının dəstəyi sayəsində bərpa edilərək dindarların istifadəsinə verilmiş Bayraklı Came məscidi buna bariz sübutdur. Əqidə və əməlləri ilə milli mənəvi dəyərlərimizə bağlı olan dövlətimizin başçısının qayğısı sayəsində Təzəpir, Əjdərbəy, Şamaxı Cümə, Gəncə İmamzadə məscidləri və digər dini ibadətgahlarımız möhtəşəm təmir və bərpa işlərindən sonra dindarların ixtiyarına verilmişdir və bu proses davamlı olaraq həyata keçirilməkdədir. Bütün bunların dövlət səviyyəsində, dövlətimizin başçısının şəxsi diqqət və qayğısı sayəsində həyata keçirilməsi Azərbaycan xalqını ürəkdən sevindirir. Dünyəvi dövlət xalqımızın seçimidir", - bəyanatda bildirilir.

Qeyd olunur ki, müstəqil Azərbaycan dövlətinin Əsas Qanunu hüquqi-demokratik və dünyəvi dövlət quruluşumuzu təsbit edir, əqidə azadlığımızı qoruyur.

"Milli mənəvi irsinə sadiq bir dövlətin vətəndaşları olaraq biz - Azərbaycan Respublikasının elm və din xadimləri milyonlarla insanın etimadını qazanaraq xalq tərəfindən seçilmiş, ölkəmizin iqtisadi və siyasi qüdrətini artırmaqla yanaşı, milli mənəvi dəyərlərimizi qoruyan, dini abidələrə yeni həyat verən möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında xidmətlərinin müstəqilliyimizi həzm edə bilməyənlər, uğurlarımızı gözü götürməyənlər tərəfindən inkar edilməsinə, xalqımıza, dövlətimizə və milli mənəvi dəyərlərimizə qarşı təhqirlərə biganə qala bilmərik. Biz, Azərbaycan dövlətinin adına olmazın həqarətlər yağdırılmasını, onun dövlət atributlarının təhqirini, Prezidentinin ünvanına qonşu İran dövlətinin bəzi din xadimləri tərəfindən təhqiramiz ifadələr işlədilməsini, xalqımız və dövlətimizə xitabən müxtəlif ultimativ xəbərdarlıqlar edilməsini, müstəqil siyasətimizin təhdid edilməsini heç bir vəchlə qəbul etmir, bunu daxili işlərimizə müdaxilə hesab edirik. Xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş bu təxribatların əsl məqsədi heç də qələmə verildiyi kimi dini təəssübkeşlik, islami həmrəylik, qardaşlıq nümayişi və ya xalqımızın guya heysiyyətinin qayğısına qalınması deyil, İslam adından sui-istifadə edərək sabitliyimizə xələl gətirmək və cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Dövlətimizin başçısı tərəfindən Azərbaycan ərazisindən qonşu İran dövlətinə qarşı hər hansı təcavüzə imkan verilməyəcəyinin bəyan edilməsindən sonra bu növ aksiya və bəyanatlara yol verilməməli idi", - bəyanatda deyilir.

Şuranın bəyanatında vurğulanır ki, dövlətimiz və cəmiyyətimiz tərəfindən qəbul edilməyən gey-parad və buna bənzər məsələlərin olacaq kimi qələmə verilməsi, dövlətimiz əleyhinə aramsız təhdidlər səsləndirilməsi qərəz və məkrdən başqa bir şey deyil.

"Yaşadığımız bölgədə və dünya miqyasında bütün millət və dövlətlərlə dinc qonşuluq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaq məramımızdır. Müstəqil dövlət olaraq uğurlarımıza dostlarımızın sevinməsinə ümidvarıq. Özümüzə arzuladığımızı başqalarına da arzu edirik. Ən böyük problemimiz olan ərazi bütövlüyümüzün bərpası məsələsində, haqq işimizin qələbəsində hər zaman dünya birliyinin ədalətli mövqeyinə, dost və qardaş ölkələrin dəstəyinə ümid bəsləyirik. Acı reallıq ondan ibarətdir ki, həqiqətən islami həmrəylik, dini təəssübkeşlik nümayişi tələb olunan zamanlarda bu dəstəyi hiss etməmişik. İstər sovetlər dönəmində dini dəyərlərimiz əsl təhlükədə olduğu bir zamanda, istərsə də erməni ekstremistləri xalqımıza qarşı təcavüzkarlıq aktları həyata keçirərkən atılması tələb olunan addımlar gerçəkləşdirilmədiyi halda, indi heç bir səbəb olmadan belə lüzumsuz bəyanatların verilməsi başa düşülən deyildir. Təəssüf edirik ki, Azərbaycan torpaqlarının işğalına, Şuşa, Ağdam məscidlərinin və yüzlərlə digər islami ibadət məkanlarımızın dağıdılmasına, təhqir olunmasına, bir milyon Azərbaycan müsəlmanının öz doğma yurdundan didərgin salınmasına cavab olaraq İranın nüfuzlu din xadimlərinin fətvalarını eşitmədiyimiz halda, bu ölkənin təcavüzkar dövlət olan Ermənistana davamlı surətdə maddi və mənəvi dəstəyinin şahidi olmaqdayıq. Bir daha bəyan edirik ki, Azərbaycan xalqı, inşallah, ona qarşı fitnələrə və məkrli şayiələrə heç bir zaman uymayacaq, dövlətimizin müstəqilliyi yolunda bütün maneələri dəf edəcəkdir. Bunu qonşu İranın din xadimlərinə də məsləhət bilir, əsassız böhtan və təhqirlərə son qoymağa, islami əxlaqımıza, milli mənəvi dəyərlərimizə hörmətsizlik olan iftiradan uzaq olmağa çağırırıq", - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti