...

Mehriban Əliyeva: Mən əminəm ki, Bakıda “Eurovision-2012” unudulmaz bir bayrama çevriləcək

Siyasət Materials 12 May 2012 00:02 (UTC +04:00)
Cümə axşamı günü Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mehriban Əliyeva: Mən əminəm ki, Bakıda “Eurovision-2012” unudulmaz bir bayrama çevriləcək

Azərbaycan, Bakı, 11 may /Trend/

Cümə axşamı günü Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınmışdır. Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində Vətəninin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının, onların arzu və istəklərini gerçəkləşdirmək əzminin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir. Bununla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək bu mədəniyyət ocağının yaradılması Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərir. Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Sonra dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzindən bəhs edən film nümayiş olundu.

Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir memarlıq kompleksinin əhəmiyyətindən bəhs olunur.

Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirildi.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Mərasimdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva çıxış etdi.

Qonaqları səmimi qəlbdən salamlayan birinci xanım onları Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbrik etdi.

"Bu gün qapılarını açan bu möhtəşəm memarlıq əsəri böyük insan, dahi şəxsiyyət Heydər Əliyevin unudulmaz xatirəsini yaşadan bir abidədir. Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycanın tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük. Ölkəmizin bugünkü uğurları, bugünkü nailiyyətləri, müstəqilliyimizin güclənməsi Heydər Əliyev yolunun, Heydər Əliyev azərbaycançılıq ideyasının davamıdır.
Heydər Əliyevin adını daşıyan Fond fəaliyyətə başlayan ilk anlarından daşıdığı yüksək ada layiq olmağa, xalqımıza və ölkəmizə xidmət etməyə, Azərbaycanı dünyada layiqincə təmsil etməyə, humanizm və insansevərlik ideallarına arxalanmağa çalışıb. Bu 8 il ərzində Fond ölkəmizin ictimai həyatının demək olar ki, bütün sahələrində fəal iştirak edib. Fond öz işləri, öz konkret layihələri ilə hər zaman adi insanların maraqlarını qorumaqla, köməyə ehtiyacı olana kömək etməklə həm Azərbaycanda, həm ölkəmizdən kənarda hörmət və etimad qazanıb.
Ötən il də Fond tərəfindən bir sıra vacib işlər həyata keçirilib. Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Fransa, Rusiya, Almaniya, İtaliya və Vatikanda geniş tədbirlər keçirilib və beynəlxalq ictimaiyyətin diqqəti bir daha Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə yönəldilmişdir. Fondun dəstəyi ilə İngiltərədə və Fransada baş tutmuş, Almaniyada və İtaliyada keçirilməsi nəzərdə tutulmuş "Bakıya uçuş: Müasir Azərbaycan İncəsənəti" sərgisi Azərbaycan rəssamlarının beynəlxalq miqyasda tanıdılması üçün yeni imkanlar yaradır", - Mehriban Əliyeva bildirib.

Onun sözlərinə görə, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Fondun dəstəyi ilə ölkəmizdə məktəblərin, internatların, uşaq evlərinin, bağçaların təmiri və bərpası davam edir.

"Xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim Fondun diqqət mərkəzindədir. Biz humanitar sahədə fəaliyyətimizi genişləndiririk. Sirr deyil ki, müasir dünyada humanitar əməkdaşlıq mövcud problemlərin, münaqişələrin aradan qaldırılmasında, müxtəlif xalqlar arasında qarşılıqlı hörmət və anlaşma yaradılmasında ən vacib vasitələrdən biridir. Məhz buna görə də Fond ötən il bu sahədə bir çox vacib işlər həyata keçirib. Luvr Muzeyinin, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının bərpasında, Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında, Afrika "İrs" məktəbinin yaradılmasında Fond çox fəal iştirak edib.
Fond ilk illərdən bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO ilə çox sıx və uğurlu əməkdaşlıq qurub. Bu gün qeyd etmək istəyirəm ki, bizim birgə layihələrimiz həm Azərbaycanda, həm xaricdə uğurla həyata keçirilir", - birinci xanım deyib.


Mehriban Əliyeva bildirib ki, Heydər Əliyev Fondunun yeni ideyaları vardır.

"Qarşımızda yeni məqsədlər durur və mən ümidvaram ki, gələcəkdə də bizim bütün planlarımız həyatda öz reallığını tapacaqdır. Mən bu gün Fondla əməkdaşlıq edən, layihələrdə iştirak edən, bizdən öz dəstəyini əsirgəməyən hər bir kəsə, hər bir təşkilata dərin minnətdarlığımı çatdırıram.
Bu günlər biz hamımız paytaxtımızda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi başlanmasını gözləyirik. Biz Heydər Əliyev Fondunun işçiləri fəxr edirik ki, məhz Fondun təşəbbüsü ilə və birbaşa dəstəyi ilə bir neçə il bundan əvvəl ölkəmiz bu müsabiqəyə qatıldı və cəmi 4 ildən sonra bizim istedadlı gənclər Nigar və Eldarın qələbəsi nəticəsində bu mahnı bayramı ölkəmizə gəldi", - birinci xanım deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu "Eurovision-2012"nin rəsmi tərəfdaşı olaraq bu müsabiqənin ölkəmizdə ən yüksək səviyyədə keçirilməsi üçün bütün səylərini göstərir.

"Artıq bir neçə gündən sonra şəhərimiz müsabiqənin iştirakçılarını və qonaqlarını salamlayacaqdır. Onların əksəriyyəti üçün yəqin ki, bu, ölkəmizlə ilk tanışlıq olacaqdır. Mən çox istərdim və ümidvaram ki, şəhərimizə gələn hər bir qonaq Bakının gözəlliyinə, qədim Bakının müasir simasına, Bakının təkrarolunmaz ab-havasına vurulsun və ən əsası isə insanlarımızın, Azərbaycan xalqının qonaqpərvərliyini hiss etsin. Mən əminəm ki, Bakıda "Eurovision-2012" unudulmaz bir bayrama çevriləcəkdir", - Mehriban Əliyeva bildirib.

Sonda birinci xanım qonaqları bir daha təbrik edib, onlara və onların yaxınlarına cansağlığı, xoşbəxtlik və məhəbbət arzulayıb.

Xəbər lenti

Xəbər lenti