Azərbaycan, Bakı, 15 may /Trend/
Azərbaycan deputatları Xanhüseyn Kazımlı və Azər Badamov İslam biznesi və maliyyəsi üzrə IV Beynəlxalq Forumda iştirak etmək üçün mayın 16-dan 18-dək Rusiya Federasiyasının Kazan şəhərində səfərdə olacaqlar.
Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, Kazan sammitində əsasən Rusiya ilə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq, uzunmüddətli əlaqələrin qurulması üçün ticarət və investisiya mühiti öyrəniləcək. Müasir İslam maliyyə sisteminin inkişaf tendensiyalarına diqqət yetiriləcək və Rusiyada bu modelin tətbiqi aspektləri araşdırılacaq.
Tədbirdə Rusiyanın federal və regional dövlət orqanları nümayəndələrinin biznesmenlərlə, İƏT rəhbərliyi və üzv dövlətlərin nümayəndə heyətləri ilə görüşləri də nəzərdə tutulur. Sammitin yekununda "Sivilizasiyaların dialoqu"na həsr olunmuş dəyirmi masa ətrafında fikir mübadiləsi aparılacaq.
Deputatlarımız Kazan sammiti çərçivəsində keçirilən bütün tədbirlərdə yaxından iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Mayın 18-19-da isə Türkmənistanın Aşqabad şəhərində "Türkmənistan Konstitusiyasının 20 ili: müstəqil dövlət quruculuğunun tarixi təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Tədbirdə Milli Məclis sədrinin birinci müavini, palamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov və İntizam Komissiyasının sədri Siyavuş Novruzov iştirak edəcəklər.
Konfransda müstəqil Türkmənistanın siyasi, hüquqi inkişafı, dövlətin konstitusion əsaslarının möhkəmləndirilməsi, dövlət quruculuğunun müasirləşdirilməsi barədə çıxışlar dinləniləcək.
Tədbirdə Türkmənistanın müstəqillik illərində keçdiyi yol və qazandığı təcrübə geniş ictimaiyyətə çatdırılacaq.