Azərbaycan, Bakı, 24 may /Trend/
28 May - Respublika Günü münasibətilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi və bu ölkədə yaşayan və işləyən həmvətənlərimizi və Küveyt ictimaiyyətinin nümayəndələrini özündə birləşdirən "Vətənsevər" cəmiyyəti ilə birlikdə silsilə tədbirlər keçirilib. Bu barədə cümə axşamı Trend-ə səfirlikdən məlumat verilib.
Respublika Günü münasibətilə mayın 23-də əl-Küveyt şəhərində səfirlik tərəfindən rəsmi ziyafət verilib. Ziyafətə Küveyt Nazirlər Kabinetinin üzvləri, Millət Məclisinin deputatları, ictimai təşkilatların rəhbərləri, ölkədə akkreditə olunmuş xarici diplomatlar, nüfuzlu iş adamları və ictimai xadimlər, həmvətənlərimiz dəvət olunub, tədbirdə ümumilikdə 350 nəfər iştirak edib. Ziyafətdə əsas qonaq qismində Küveytin ali təhsil naziri Naif Fələh əl-Həcraf, digər yüksəksəviyyəli qonaqlar sırasında əl-Küveyt vilayətinin valisi Şeyx Əli əl-Cabir əl-Əhməd əl-Sabah, informasiya nazirinin I müavini, vəqflər və İslam məsələləri nazirinin birinci müavini, Gənclər və İdman Komitəsi sədrinin müavini, Qadın Məsələləri Komitəsinin sədr müavini, hakim əl-Sabah ailəsinin nüfuzlu üzvləri iştirak ediblər.
Ziyafət çərçivəsində ölkəmiz haqqında fotosərgi təşkil edilib, Azərbaycan suvenirləri, əl sənəti nümunələri nümayiş etdirilib. Tədbir iştirakçılarına ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, möhtəşəm memarlığı, əsrarəngiz təbiəti haqqında film göstərilib.
28 May - Respublika Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində şair Əhməd əl-Səqqaf adına orta məktəbdə ölkəmizə həsr olunmuş "Azərbaycan Günü" keçirilib. Məktəb şagirdləri Azərbaycan haqqında məlumatlarla paylaşıb, burada təşkil edilmiş sərgiyə tamaşa edib, tarix və mədəniyyətimizi əks etdirən sənədli filmə baxıblar.
Bayram həftəsi çərçivəsində Azərbaycan səfirliyinin əməkdaşları və onların ailə üzvləri, həmçinin burada yaşayan həmvətənlərimiz Ukrayna, Rusiya, Özbəkistan və Serbiya səfirliklərinin də qatıldığı "Küveyt I beynəlxalq stend atıcılığı" yarışlarında müvəffəqiyyətlə iştirak edib, üç qızıl və üç gümüş medal qazanıblar.
Respublika Günü münasibətilə Küveytin böyük oxucu kütləsinə malik, yüksəktirajlı "əl-Ənbə" qəzetində səfir Tural Rzayevin geniş müsahibəsi dərc olunub. Müsahibədə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, parlament, insan hüququ və demokratik dövlətə xas olan digər inkişaf göstəriciləri istiqamətində atdığı addımlar, qəbul etdiyi qərarlar və həyata keçirdiyi fəaliyyət əks olunub, həmçinin AXC-nin süqutuna səbəb olmuş qızıl ordu və erməni silahlı qüvvələri faktoru və digər səbəblər açıqlanıb.
Eyni zamanda, ölkəmizin şanlı müstəqillik tarixi, müstəqilliyimizin bərpa olunması, möhkəmləndirilməsi, qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin mühüm rolu və fəaliyyəti barədə oxuculara ətraflı məlumat verilib.
Səfir ümummilli lider tərəfindən təməli qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmə inteqrasiyasından, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə baxmayaraq, bu gün respublikamızda mövcud sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, əldə olunmuş digər mütərəqqi nailiyyətlər barədə də danışıb.
Küveyt Dövlət Televiziyasının I və II, həmçinin "əl-Ray" televiziya kanallarında 28 May - Respublika Günü ilə əlaqədar məlumatlar verilib, ölkəmiz haqqında süjetlər nümayiş etdirilib.