Azərbaycan, Bakı, 26 may /Trend/
ABŞ-ın dövlət katibi Hillari Klinton Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Prezident Barak Obama və ABŞ xalqı adından 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Mən bir neçə gündən sonra Bakıya səfər edəcəyimi səbirsizliklə gözləyirəm. Bakıda mənim hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə Azərbaycanın üzləşdiyi çağırışlar və imkanlar, Birləşmiş Ştatların xalqlarımızın daha parlaq gələcəyini necə dəstəkləyə biləcəyi barədə söhbət etmək imkanım olacaqdır", - Klintonun təbrik məktubunda deyilir.
Dövlət katibi qeyd edir ki, Bakıda regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi və siyasi islahatların gücləndirilməsi üzrə birgə tərəfdaşlığın yeni yollarını müzakirə edəcək.
"Siz milli bayramınızı qeyd edərkən, bilin ki, Birləşmiş Ştatlar sizinlədir. Sizi milli bayramınız münasibətilə təbrik edir, qarşıdan gələn illərdə sizə əmin-amanlıq və rifah arzulayıram", - təbrik məktubunda bildirilir.