...

Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 May 2012 13:35 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir.
Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 may /Trend/

Dünyanın müxtəlif ölkələrinin dövlət başçıları 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər.

"İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə təbrik edim.

Tərəqqi və firavanlıq yolu ilə inamla irəliləyən, cəmiyyətdə genişmiqyaslı islahatlar aparılması, iqtisadi və sosial sahənin dəyişdirilməsi, beynəlxalq arenada ölkənin nüfuzunun artırılması üzrə nəzərdə tutulan planları ləyaqətlə həyata keçirən Azərbaycanın sanballı uğurlarını Özbəkistanda məmnunluqla qeyd edirlər. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən yaranmış ənənəvi dostluq münasibətləri, çoxplanlı sıx əməkdaşlıq bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və hərtərəfli firavanlıq arzu edirəm", - Özbəkistan Prezidenti İslam Kərimovun təbrik məktubunda deyilir.

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari də azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.

"Azərbaycanın əlamətdar bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam. Əminəm ki, mövcud yüksək səviyyəli əməkdaşlığımız xalqlarımıza rifah gətirərək, qardaşlıq əlaqələrimizi gələcək illərdə daha da möhkəmləndirəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, dərin ehtiramımı qəbul etmənizi Sizdən xahiş edirəm", - Pakistan Prezidentinin məktubunda vurğulanır.

Prezident İlham Əliyevə daha bir təbrik məktubu Hindistan Prezidenti Pratibha Devisinq Patildən gəlib.

"Milli bayramınız münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan xalqı adından təbrik etməkdən böyük məmnunluq duyuram. Tarixi və mədəni əlaqələrimizin əsrlərlə yaşı olmasına baxmayaraq, əməkdaşlığımızın daha da inkişaf etməsi bu il iyirmi illiyini qeyd etdiyimiz rəsmi diplomatik münasibətlərin yaradılmasından sonra baş vermişdir. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan yaxın əlaqələr diplomatik münasibətlərin yaradılmasından sonra müxtəlif sahələrdə daha da genişlənmiş və dərinləşmişdir ki, bu da əcdadlarımızın keçmişdə qurduğu əməkdaşlıq sayəsində mümkün olmuşdur. Hindistan bu əlaqələrin daha da gücləndirilməsini arzu edir. Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və rifah arzu edirəm", - Patilin məktubunda qeyd olunur.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbrikimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, eyni zamanda, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı çatdırıram", - Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir.

İsveçrə Konfederasiyasının Prezidenti Eveline Vidmer-Şlumpf isə azərbaycanlı həmkarına ünvanladığı təbrik məktubunda bunları qeyd edir: "Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə İsveçrə Federal Şurası adından Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Sizə möhkəm cansağlığı və rifah, ölkənizə çiçəklənmə arzu etmək üçün bu, yaxşı fürsətdir. İnanıram ki, ölkələrimiz arasında mövcud olan etimad və dostluq əlaqələri gələcək illərdə daha da inkişaf edəcəkdir".

"Zati-aliləri, icazə verin, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularımı çatdırım", - Niderland Kraliçası Ülyahəzrət Beatriksin təbrik məktubunda deyilir.

Azərbaycan Prezidentini təbrik edənlər sırasında Çex Respublikasının Prezidenti Vatslav Klaus da var.

"Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Çox şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında mövcud olan ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir. Çex Respublikası Azərbaycan Respublikasını özünün mühüm tərəfdaşı hesab edir və bütün sahələrdə ikitərəfli qarşılıqlı faydalı əlaqələrin bundan sonra da inkişafında maraqlıdır. Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da möhkəmlənəcək və genişlənəcəkdir. Cari ilin aprelində Sizin Çex Respublikasına dövlət səfəriniz bu əlaqələrin inkişafına təkan vermişdir", - Klausun məktubunda qeyd olunur.

"Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə özümün və Xorvatiya Respublikası vətəndaşlarının ən səmimi təbriklərini çatdırır, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulamaqdan məmnunluq duyuram.

Zati-aliləri, mənim ən dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm", - Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir.

"Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram", - Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvanın təbrik məktubunda deyilir.

"Milli bayramınız - Respublika günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqda İrlandiya xalqı da mənə qoşulur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzulayıram", - İrlandiyanın Prezidenti Maykl Higginsin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd olunur.

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö də azərbaycanlı həmkarını təbrik edib.

"Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza tərəqqi və xoşbəxtlik arzulayıram. Ən yüksək ehtiramımı qəbul etmənizi xahiş edirəm", - Finlandiya Prezidentinin məktubunda vurğulanır.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu da Respublika Günü münasibətilə Azərbaycan Prezidentini təbrik edib.

"Azərbaycanın əlamətdar milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək, Zati-alinizin və Azərbaycan hökumətinin İslam Əməkdaşlıq Təşkilatına məqsədlərini həyata keçirməkdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm. Müdrik rəhbərliyiniz altında qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah, Sizə isə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etmənizi xahiş edirəm", - məktubda deyilir.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç də İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin gələcəkdə daha da çiçəklənməsi üçün ən xoş arzularımı çatdırmaq istəyirəm. Cənab Prezident, fürsətdən istifadə edərək Sizə, Azərbaycan hökumətinə və xalqına Bosniya və Herseqovinaya və onun xalqına verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Cənab Prezident, əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan Respublikası arasındakı əməkdaşlıq dostluq və tərəfdaşlıq ruhunda davam edərək ölkələrimizin sabitliyi və tərəqqisinə töhfəsini verəcəkdir. Zati-aliləri, xahiş edirəm ən dərin hörmət və ehtiramımı qəbul edin", təbrik məktubunda deyilir.

Sinqapur Prezidenti Toni Tan Ken Yam da Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

"Azərbaycanın əlamətdar milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə səmimi təbriklərimi, ölkənizin və xalqınızın əmin-amanlığı, tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırıram" Sinqapur Prezidentinin ünvanladığı təbrik məktubunda qeyd olunur.

Tailandın Kralı Bhumibol Adulyadej də Respublika Günü münasibətilə Azərbaycan Prezidentini təbrik edib.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına tərəqqi və rifah arzulayıram" deyə Tailand Kralının ünvanladığı təbrik məktubunda vurğulanır.

Tunis Prezidenti Monsef Marzuki də Prezident İlham Əliyevə Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi, cansağlığı, səadət, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı bildirmək mənə xoşdur. Fürsətdən istifadə edib Zati-alilərinizə bildirmək istərdim ki, yeni Tunis bizim qardaş xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsi naminə bundan sonra da əməkdaşlıq etmək əzmindədir" deyə məktubda vurğulanır.

Livan Prezidenti general Mişel Süleyman da Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

"Livan xalqı adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram", məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti