Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.Mehdiyev/
Niderlandın Qroningen şəhərinin "Noorderlicht" rəsm qalereyasında holland fotoqraf Dirk Yan Visserin "Offsayd - Sürgündə olan futbol" adlı fotoşəkillərinin sərgisi və eyniadlı kitabın təqdimatı keçirilib.
Azərbaycanın Niderland Krallığındakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, sərgi və təqdimat mərasiminin əsas məqsədi "Qarabağ Ağdam" və "Qarabağ Stepanakert" futbol komandalarının taleyinin nümayişi əsasında, futbol mövzusu vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, onun tarixi aspektlərini və Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğalı faktı, bu təcavüzün acı nəticələri barədə ətraflı məlumatların ictimaiyyətə çatdırılmasından ibarətdir.
Sərgidə nümayiş olunan tarixi fotoşəkillər və xəritələr Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını xronoloji şəkildə nümayiş etdirib.
Eyni şəkillər və xəritələr "Offsayd - Sürgündə olan futbol" adlı kitabda da əks olunub.
Ermənistanın işğalçı siyasətinin nəticələrini işıqlandıran bu kitabda holland, ingilis, həmçinin Azərbaycan və erməni dillərində müxtəlif məlumatlar yerləşdirilib.
Sərginin izahedici sənədlərində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin işğalı amili bu ifadələrlə təcəssüm etdirilir:
"1994-cü ildə Ermənistanın yardımı ilə region Azərbaycandan qopardılıb"; "indiyədək bu region heç bir dövlət tərəfindən tanınmayıb"; "Minlərlə azərbaycanlı qaçqınlar kimi, Azərbaycan futbol klubu olan "Qarabağ Ağdam" da Qarabağ erməni silahlı qüvvələri tərəfindən dağıdıldıqdan sonra regionu tərk etməyə məcbur oldular"; "bu gün "Qarabağ Ağdam" komandası Azərbaycanın ali futbol səviyyəsində oynayır"; "2009-cu ildə Avropa futbolunda ən gözəl nəticə göstərərək, Avropa Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" komandası ilə qarşılaşıb"; "Qarabağ Stepanakert" futbol komandası isə geridə qalmaqdadır, bu klubun yalnız adı qalıb" və s.
Yuxarıda qeyd olunanlarla yanaşı, sərgidə açılış nitqi söyləyən Dirk Yan Visser Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın 7 rayonunun Ermənistan tərəfindən işğal edildiyini və bunun sərgidə nümayiş olunan xəritədə əks olunduğunu, bir milyona yaxın azərbaycanlının zorla doğma torpaqlarında qovulduqlarını bildirib.
Kitabın rəsmi təqdimat mərasimində və fotosərgidə çoxlu sayda qonaqlar, yerli və xarici mətbuat nümayəndələri, şəhər rəhbərliyi və sakinlər, həvəskar fotoqraflar və bloq nümayəndələri ilə yanaşı, Azərbaycanın Niderlanddakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Azərbaycanın Niderlanddakı səfirliyinin mətbuat katibi Cavid Musayev tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl həqiqətlərinin açıq şəkildə nümayiş etdirilməsini yüksək qiymətləndirib.
"Həm kitabda, həm onun təqdimat mərasimində, həm də fotosərgidə konkret faktlar, fotoşəkillər və digər materiallar vasitəsilə doğma Azərbaycanımızın və erməni işğalçılarının eyniadlı futbol komandalarının talelərinin müqayisəli təhlili verilib. Belə ki, "Qarabağ Ağdam" futbol klubunun Ermənistanın işğalı nəticəsində öz futbol meydanından məhrum olmasına baxmayaraq, beynəlxalq futbol aləmində özünü kifayət qədər tanıdib və Azərbaycan-Niderland futbol oyunları tarixində məşhur "Tvente" komandasının qapısından ilk qol keçirmiş Azərbaycan futbol klubu kimi Niderlandda tanınıb. İşğalçıların Qarabağ adlandırdıqları "klubu" isə dünyada heç kim tanımır, heç bir beynəlxalq turnirlərdə iştirak etmir. Azərbaycanın "Qarabağ Ağdam" klubunun nailiyyətləri bir daha sübut edib ki, beynəlxalq aləmdə, o cümlədən idman ictimaiyyətində "Qarabağ" sözü birmənalı olaraq Azərbaycanla bağlıdır", - Musayev əlavə edib.
O qeyd edib ki, erməni təcavüzkarları inkişafın bütün sahələrində, futbol şərhçiləri demişkən, offsaydda - yəni oyundan kənar vəziyyətdə qalıblar, Azərbaycanın nailiyyətləri isə əslində kimin qalib, kimin isə artıq təcrid olunması və gələcəkdə tam məğlub olacağını göstərir.
Sərgi iyulun 8-dək nümayiş olunacaq.