Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Mehdiyev/
İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Hatta Racasa yaxın zamanlarda Azərbaycana konkret təkliflərlə səfər edəcək.
Azərbaycanın İndoneziyadakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu barədə nazir səfir Tamerlan Qarayev ilə görüşündə deyib.
Qarayev Azərbaycan-İndoneziya siyasi münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, iki dövlət arasında qarşılıqlı yüksəksəviyyəli səfərlərin həyata keçirilməsi, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və digər məsələlər üzrə ciddi işlərin aparılmasının çox vacib olduğunu bildirib.
Azərbaycan tərəfinin İndoneziya ilə qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsində maraqlı olduğu qeyd edib.
Azərbaycan Dövlət Neft Şirkətinin və İndoneziya Dövlət Neft Şirkəti "Pertamina"nın əməkdaşlığının mümkünlüyü xüsusilə vurğulanıb.
Racasa da öz növbəsində ölkələrimiz arasında qarşılıqlı sərmayə qoyuluşu layihələrinin həyata keçirilməsinə böyük maraqla yanaşıb.