...

Əli Əhmədov YAP Gənclər Birliyində mühazirə oxuyub

Siyasət Materials 14 İyun 2012 13:00 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "Universal Gənclik" adlı layihəsi çərçivəsində növbəti mühazirəni Milli Qurtuluş Gününə həsr edib.
Əli Əhmədov YAP Gənclər Birliyində mühazirə oxuyub

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "Universal Gənclik" adlı layihəsi çərçivəsində növbəti mühazirəni Milli Qurtuluş Gününə həsr edib.

Trend-in məlumatına görə, bu gün keçirilən tədbirdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov mühazirə ilə çıxış edib.

O, 1993-cü il 15 iyun gününün Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu deyib və qeyd edib ki, bu gün onun fəlsəfəsini dərindən dərk edən, özünü millət, vətən adına məsuliyyətli hesab edən hər bir gənc üçün çox əzizdir.

Əhmədov qeyd edib ki, 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.

"Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan Heydər Əliyevdir", - o deyib.

Əhmədov bildirib ki, 1991-1993-cü illər ərzində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyindən torpaqlarımız işğala məruz qaldı, əhali ərzaq qıtlığı ilə üzləşdi, minlərlə soydaşımız vətənindən didərgin düşdü, hətta böhran son həddə vətəndaş müharibəsinə qədər yüksəldi. 1993-cü ilin iyun ayında isə hökumət böhranı ən acınacaqlı həddə çatdı.

"Bu anda isə xalqı qırğından, səfalətdən, Vətən torpaqlarını təhlükədən xilas etmək gücündə olan bir insan - xalqın ümid yeri olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Öz uzaqgörən və dahiyanə siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır durumdan xilas edib", - o vurğulayıb.

Mühazirədən sonra YAP Gənclər Birliyinin üzvləri Milli Qurtuluş Günü ilə bağlı Dənizkənarı Parkda fleşmob keçiriblər. Xüsusi geyimdə olan gənclər üzərində "15 İyun - Milli Qurtuluş Günü" yazılmış böyük şarı səmaya buraxıblar.

Xəbər lenti

Xəbər lenti