Fransa, Strasburq, 26 iyun /Trend, müxbir A. Məhərrəmli/
Müzakirələr göstərdi ki, bu, Azərbaycana qarşı ikili standartlar və təzyiq formasıdır. Trend-in məlumatına görə bu fikirləri çərşənbə axşamı AŞ PA-nın İnsan Haqları və Hüquqi məsələlər Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
Qeyd edək ki, İnsan Haqları və hüququ məsələlər Komitəsinin iyunun 26-da günün ikinci yarısında keçirilən iclasında sözügedən Komitənin məruzəçisi Kristofer Ştraser (Christoph Strasser) tərəfindən hazırlanan və Azərbaycanda "siyasi məhbus " məsələsindən bəhs edən məruzə layihəsi müzakirə olunub.
"İnsan Haqları və Hüquqi məsələlər Komitəsində müzakirələr bir daha göstərdi ki, Azərbaycanla bağlı xeyli insanlar öz mövqeyini konkret olaraq bildirdilər. Səsvermə nəticəsində 25 nəfərin lehinə, 23 nəfərin isə əleyhinə səs verməklə qəbul edilən məruzə AŞ PA-nın oktyabr sessiyasında müzakirə olunacaq. Burada da biz öz mövqeyimizi bir daha bildirəcəyik. Bu hələ ilkin mərhələ, yəni Komitə səviyyəsində müzakirələr idi. Amma Komitədə belə bir münasibətin bildirilməsi onu göstərir ki, müzsakirələrdə fikirlər bölündü. Səsvermənin nəticələri də göstərir ki, bu real söhbət deyil. Növbəti müzakirələr AŞ PA-nın oktyabr sessiyasında olacaq və biz orada öz mövqeyimizi bildirəcəyik"-Seyidov bildirib.
Azərbayacanın nümayəndə heyətinin sədri bunu ikili standartlar kimi qiymətləndirib.
"Bu birbaşa ikili standartlardır. Burada vacib fakt ondan ibarətdir ki, AŞ-nin ən vacib Komitələrindən biri olan İnsan Haqları Komitəsi özü də başa düşür ki, bu ikili standartlardır. Ona görə neçə ildir ki, AŞ PA üzvüyəm və müşahidə etmirəm ki, belə ikitirəlik olsun. Burada faktiki olaraq sənəddə yer alan bir neçə bənd keçmədi. Sənəddən çıxarıldı. Ona görə ki, Komitə üzvlərin həmin bəndlərin əleyhinə səs verdi. Yenə təkrar edirəm ki, bu birbaşa Azərbaycana qarşı bir təzyiq formasıdır"-nümayəndə heyətinin sədri deyib.