...

Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrıldı

Siyasət Materials 6 İyul 2012 18:52 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrıldı

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Prezident İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra xaricdəki soydaşlarımızın təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi və onların digər diaspor təşkilatları ilə əməkdaşlığının dərinləşdirilməsi sahəsində mühüm addımlar atılıb.

"Xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Dünya Azərbaycanlılarının Bakı şəhərində 2001-ci ildə keçirilən birinci qurultayı ölkəmizin və xaricdə yaşayan həmvətənlərimizin həyatında xüsusi ictimai-siyasi əhəmiyyətə malik hadisə olmaqla, diaspor təşkilatlarımızın təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Diasporumuzun daha mütəşəkkil qüvvəyə çevrilməsində və yeni mərhələdə onun fəaliyyətinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsində Dünya Azərbaycanlılarının respublikamızın paytaxtında keçirilmiş ikinci və üçüncü qurultaylarının müstəsna rolu vardır", - sənəddə qeyd olunur.

Sərəncamda bildirilir ki, bu gün ayrı-ayrı ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəni irsinin, misilsiz tarixi nailiyyətlərinin təbliğinin genişləndirilməsi üçün çox sayda tədbirlər gerçəkləşdirilir.

"Azərbaycan dövlətinin milli inkişaf strategiyasının əsas prinsiplərini rəhbər tutmaqla hazırda respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızın problemlərinin həllinə yönələn iri miqyaslı layihələr həyata keçirilməkdədir", - sənəddə qeyd edilir.

Görülən bütün bu işlərin uğurla davam etdirilməsi və diaspor quruculuğunun müasir reallıqlara uyğun şəkildə aparılmasının təmin olunması məqsədi ilə Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılması qərara alınıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Sərəncamda irəli gələn digər məsələlərin həlli isə Nazirlər Kabinetinə həvalə edilib.

Xəbər lenti

Xəbər lenti