...

Sərdar Cəlaloğlu: İctimai Palata seçkiyə vahid namizədlə getmək iddiasına düşsə, dağılacaq

Siyasət Materials 11 İyul 2012 10:08 (UTC +04:00)
Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, İctimai Palata prezident seçkisinə vahid namizədlə getmək iddiasına düşsə, dağılacaq.
Sərdar Cəlaloğlu: İctimai Palata seçkiyə vahid namizədlə getmək iddiasına düşsə, dağılacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/

Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, İctimai Palata prezident seçkisinə vahid namizədlə getmək iddiasına düşsə, dağılacaq.

"İctimai Palatadan bir namizədin irəli sürülməsi məsələsi bizim düşündüyümüz kimi Azərbaycanın ictimai-siyasi vəziyyətinə ciddi təsir edəcək amil olmayacaq və buna çox diqqət ayırmaq lazım deyil. Mənə elə gəlir ki, İP heç vahid namizədlə də çıxış edə bilməyəcək. Onlar ya iki namizədlə gedəcəklər, ya da İctimai Palata dağılmalıdır", - çərşənbə günü Trend-ə Cəlaloğlu deyib.

Onun sözlərinə görə, İP bu seçkidə iki namizədlə iştirak edəcək.

"Biz belə düşünürük ki, müxalifətin geniş koalisiyasından vahid namizədin irəli sürülməsi, yəni müxalifət adı daşıyan bir nəfərin bu işlərə qatılması daha ciddi siyasi nəticələrə gətirib çıxara bilər. Yerdə qalan variantların hamısı bu və ya başqa şəkildə bir-birinə az və ya çox dərəcədə təsir göstərən amildir", - Cəlaloğlu əlavə edib.

Partiya sədri deyib ki, bu gün Azərbaycanda bir namizəd başqa namizədlərdən xüsusi olaraq kəskin fərqlənən keyfiyyətlərə malik olmadığına görə vahid namizədin müəyyənləşdirilməsi problemə çevrilir.

"Namizədlər bir-birilərinə o qədər yaxın kriteriyalara malikdirlər ki, bunların hamısı eyni dərəcədə vahid namizəd kimi çıxış edə bilər. Yəni, bu baxımdan kiminsə guya ya mən olmalıyam, ya olmamalıyam kimi iddiasının əsası yoxdur. Sadəcə olaraq milli maraqları, dövlət maraqlarını, müxalifətin maraqlarını, demokratiyanı nəzərə aldıqda hər kəs vahid namizədlik iddiasından qabaqcadan imtina etməlidir ki, vahid namizəd üçün hamı bir araya gəlsin. Yoxsa qabaqcadan "mən vahid namizəd olacağam" deyib "gəlin vahid namizəd müəyyənləşdirək" kimi bir şüarı ortalığa atmaq, əksinə, o ideyanın reallaşmasına mane olur. Bu cür yanaşma ilə vahid namizəd müəyyən etmək olmaz", - Cəlaloğlu deyib.

Qeyd edək ki, bəzi müxalifət partiyalarını özündə birləşdirən İctimai Palatanın təmsilçiləri seçkiyə vahid namizədin müəyyənləşdirilməsinin vacibliyi təklifi ilə çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti