...

Murtuz Ələsgərov birinci Fəxri xiyabanda dəfn olunub (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 8 Avqust 2012 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir M.Əliyev/

Şəhriyar adına Mədəniyyət Mərkəzində Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərovla vida mərasimi başa çatıb.

Trend-in məlumatına görə, vida mərasimində təhsil naziri Misir Mərdanov Murtuz Ələsgərovun Azərbaycanda hüquq məktəbinin yaradıcılarından biri olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında Ələsgərovun müstəsna xidmətləri olub.

Mərdanov qeyd edib ki, Ələsgərovun fəaliyyətinə Azərbaycan rəhbərliyi böyük qiymət verib, o, Prezident təqaüdünə layiq görülüb.

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov çıxışında bildirib ki, Ələsgərovun bütün həyatı Azərbaycanın inkişafına, müstəqilliyinin qurulmasına həsr olunub.

"Ötən əsrin 90-cı illərində onun ziyalı mövqeyinə ehtiyac var idi. Murtuz Ələsgərovun Heydər Əliyev ideyalarının həyata keçirilməsində böyük xidmətləri olub", - YAP rəsmisi qeyd edib.

O, Murtuz Ələsgərovun parlament ənənələrinin formalaşmasında müstəsna xidmətlərini qeyd edib.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov çıxışında bildirib ki, Ələsgərov dərin savadı, alicənablığı ilə seçilən əsl Azərbaycan ziyalısı olub.

"Müstəqil Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasında görmək onun ən böyük arzusu idi", - vitse-spiker bildirib.

O, həmçinin qeyd edib ki, Ələsgərovun parlamentə rəhbərlik etdiyi illər ölkənin qanunverici orqanının fəliyyətinin gərgin mərhələsi olub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, Ələsgərov Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, hüquqi bazanın yaradılmasında ümummilli lider Heydər Əliyevin ən yaxın məsləkdaşı olub.

Rzayev Ələsgərovun uzun illər BDU-da rektor işlədiyini vurğulayaraq qeyd edib ki, hazırda məhkəmə hakimiyyətində işləyənlərin əksəriyyəti onun tələbələridir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, atasının həyat yolu ailə üzvlərinin hər biri üçün örnəkdir.

O, atasının mərdlik və prinsipiallığı ilə seçildiyini qeyd edərək vurğulayıb ki, hər zaman Heydər Əliyev ideyalarına sadiq qalıb.

"Murtuz Ələsgərov Heydər Əliyevin sadiq silahdaşı olub", - o deyib.

Fuad Ələsgərov Prezidentə başsağlığına görə minnətdarlığını bildirib.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, ombudsman Elmira Süleymanova, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri, xarici diplomatiya korpusunun nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra mərhum birinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov dünən 84 yaşında vəfat edib.

Azərbaycan rəhbərliyi Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərovun vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda tanınmış ictimai-siyasi xadim, nüfuzlu hüquqşünas-alim və təcrübəli pedaqoq Murtuz Nəcəf oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacağı bildirilir.

Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının "Dostluq" ordeninə layiq görülüb.

Murtuz Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.

2005-ci il noyabrın 6-dan 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Xəbər lenti

Xəbər lenti