...

TÜRKPA CICA-ya müşahidəçi statusu ilə üzv qəbul olunub

Siyasət Materials 13 Avqust 2012 14:13 (UTC +04:00)
Türkdilli ölkələrin Parlament Assambleyası (TÜRKPA) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) müşahidəçi statusu ilə üzv qəbul olunub.
TÜRKPA CICA-ya müşahidəçi statusu ilə üzv qəbul olunub

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/

Türkdilli ölkələrin Parlament Assambleyası (TÜRKPA) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) müşahidəçi statusu ilə üzv qəbul olunub.

TÜRKPA-nın katibliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qurumun dünyanın nüfuzlu təşkilatlarından biri olan CICA-ya müşahidəçi statusu ilə üzv qəbul olunması ilə bağlı müraciətinə baxılıb. TÜRKPA-nın müraciəti 24 üzv ölkənin təmsil olunduğu təşkilatda müsbət qəbul edilib.

CICA-nın yaradılması haqqında ilk təşəbbüs 5 oktyabr 1992-ci il tarixində BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Təşəbbüsün əsas məqsədi Asiyada sülhün və təhlükəsizliyin təmini üçün effektiv və məqbul bir strukturun yaradılması istəyi olub.

CICA-nın təsisi edilməsi haqqında iki əsas sənəddən biri olan CICA Üzv Dövlətləri Arasında Münasibətlərin Əsas Prinsipləri haqqında Bəyannamə 14 sentyabr 1999-cu il tarixində Almatıda keçirilən xarici işlər nazirlərinin ilk görüşündə qəbul edilib. İkinci sənəd olan CICA-nın Nizamnaməsi - Almatı Aktı isə 4 iyun 2002-ci il tarixində Almatıda keçirilən ilk zirvə görüşündə qəbul olunub.

CICA Asiyada sülh, təhlükəsizlik və stabilliyin təmin edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən çoxmillətli forumdur. Forum Asiyada və dünyada sülh, təhlükəsizlik və stabillik arasında yaxın əlaqələrin olduğunu qəbul edir.

Hazırda CICA-nın Asiya əhalisi və ərazisinin təxminən 90 faizini əhatə edən 24 üzv ölkəsi var. BMT, ATƏT və Ərəb Ölkələri Liqası kimi çoxmillətli təşkilatlar, 8 ölkə CICA-da müşahidəçi statusuna sahibdirlər. TÜRKPA müşahidəçi statusu alan sayca dördüncü təşkilatdır.

Xəbər lenti

Xəbər lenti