...

Azərbaycan ictimaiyyətinin Ramil Səfərovun əfvi ilə bağlı Prezidentə təşəkkürləri davam edir

Siyasət Materials 3 Sentyabr 2012 15:17 (UTC +04:00)
Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və Prezident İlham Əliyev tərəfindən dərhal əfv olunması ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları Prezidentin rəsmi saytına təşəkkür məktubları göndərməkdə davam edirlər (http://www.president.az/letters/received/).
Azərbaycan ictimaiyyətinin Ramil Səfərovun əfvi ilə bağlı Prezidentə təşəkkürləri davam edir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və Prezident İlham Əliyev tərəfindən dərhal əfv olunması ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları Prezidentin rəsmi saytına təşəkkür məktubları göndərməkdə davam edirlər (http://www.president.az/letters/received/).

AzərTAc-ın məlumatına görə, öz sevinclərini paylaşan, vətəndaş mövqelərini ifadə edən vətəndaşlar Azərbaycan dövlətinin gücü və qüdrəti ilə fəxr edirlər. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası Azərbaycan dövlətini beynəlxalq sistemin nüfuzlu aktorlarından birinə çevirib, onun yeritdiyi xarici siyasəti milli maraqlar çərçivəsində uğurla həyata keçirməyə imkan verib. Əlbəttə, maddi elementlər güc amilinin əsas bazasını təşkil edirsə, mənəvi elementlər, o cümlədən səmərəli dövlət idarəçiliyi, xalqın mənafeyi naminə lazımi anda qətiyyətli qərarların verilməsi onun üst qurumudur. Bu iki amil bir-biri ilə o qədər sıx bağlıdır ki, biri olmadan digəri təklikdə heç bir nəticə verə bilməz. Sadəcə gücün olması kifayət deyil, ondan istifadə bacarığı həlledici xüsusiyyət daşıyır. Məhz bu iki amilin vəhdəti Azərbaycanda gedən son hadisələri izah edir, xalqın Prezident ətrafında birləşməsini təmin edir. Ramil Səfərov ilə bağlı verilən qərar artıq Azərbaycanda güclü dövlətin və möhkəm iradəli rəhbərliyin olmasının bariz təsdiqidir. Günay Tağıyeva Prezident saytına yazır:

"Biz Gəncə gəncləri adından Sizə dərin minnətdarlığımızı bildirir və təşəkkür edirik. Çox sevinirik ki, Ramil Səfərovu Azərbaycana ekstradisiya olunan kimi azadlığa qovuşdurdunuz. Biz gənclər həmişə çalışacağıq ki, Prezidentimizin ətrafında sıx birləşək".

Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının mənafeyinə uyğun hərəkət edib, onun çağırışlarına daim xüsusi diqqət və həssaslıqla yanaşıb. Ramil Azərbaycan xalqının övladıdır və əsas amalı öz torpağını təcavüzkar qonşulardan azad edib qorumaqdır. Dövlətin ona himayə durması, xalqda ruh yüksəkliyi yaradıb.

Vətəndaş Əsmər Məmmədova yazır ki, "Bu gün mən gözəl xəbəri eşitdim və çox sevindim. Ramil Səfərovla fəxr etməyə dəyər. İnanıram ki, Ramil kimi qeyrətli oğullarımız çoxdur. Mənim də iki qardaşım var. Hər ikisi həqiqi hərbi xidmətdə olmuş və Vətən qarşısında borclarının müəyyən hissəsini yerinə yetirmişlər. Prezidentimiz cənab İlham Əliyevə böyük minnətdarlığımı bildirirəm və Ramil kimi oğullarımızın qarşısında baş əyirəm. Fəxr edirəm ki, Azərbaycanımızın Prezident İlham Əliyev kimi mərd, qeyrətli oğulları vardır".

Anaxanım Tağıyeva yazır: "Ramil Səfərovu Azərbaycana qaytardığınız üçün Sizə minnətdarlığımı bildirirəm". Rövşən Teymurzadə öz fikirlərini belə ifadə edir: "Mən 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyuram. Bu məktubu yazmaqda məqsədim Ramil Səfərovu əfv etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirməkdir". Bu siyahını uzatmaq olar, lakin əsas odur ki, ifadə edilən fikirlər vətəndaşların özlərinə və dövlətlərinə inam və etibarlarının artmasının təzahürüdür. Vətəndaş Zaur Adıgözəlov qeyd edir ki, "Möhkəm lider arxasında möhkəm, əzmli xalq dayanar. İnanın ki, xalqımızın mənəvi möhkəmliyinə çox böyük təsiriniz dəymişdir".

Ramil Səfərovun azad edilməsi erməniləri dərindən sarsıdıb, erməni diasporunun haqsız fəaliyyətinin heç bir nəticə vermədiyini bir daha sübut etdi. Birincisi, qeyd etmək lazımdır ki, Ramil Səfərov erməni təcavüzünün qurbanıdır, cəzalandırılan Ramil deyil, əlləri Malıbəylidə, Qaradağda, Xocalıda günahsız azərbaycanlı uşaqların, qadınların, qocaların qanına batmış erməni təcavüzkarlarıdır. İkincisi, Ramil Səfərovun məhkəmə prosesində ədalətli məhkəmə prinsipi pozulub. Üçüncüsü, ekstradisiya beynəlxalq qanunvericiliyə və öhdəliklərə uyğun olaraq həyata keçirilib. Dördüncüsü, Ramil Səfərovun əfv edilməsi Azərbaycan Respublikası Prezidentinin xüsusi səlahiyyətinə aid bir məsələdir. Prezident İlham Əliyevin humanist siyasəti, vətəndaşların qayğısına qalması, onların mənafeyini qoruması Ramil Səfərovun taleyinə onu biganə qoya bilməzdi. Bu qərar Azərbaycan dövlətini qələbəyə aparan yolda atılan mühüm bir addımdır. Bu amilləri nəzərdə tutan Ziya Gülmalıyev Prezidentə müraciətlə yazıb: "Siz həmişə öz şəxsiyyətinizi əməlinizlə təsdiq etməyi bacarmısınız".

Xəbər lenti

Xəbər lenti