...

Prezident İlham Əliyev: MDB ölkələrinin hüquq mühafizə orqanları arasında əməkdaşlıq çox dinamik və uğurla inkişaf edir

Siyasət Materials 7 Sentyabr 2012 23:44 (UTC +04:00)
Cümə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul etmişdir.
Prezident İlham Əliyev: MDB ölkələrinin hüquq mühafizə orqanları arasında əməkdaşlıq çox dinamik və uğurla inkişaf edir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Cümə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul etmişdir.

Prezident İlham Əliyev MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək dedi:

- Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı ölkəmizdə salamlamağa şadam. Şadam ki, Bakıda MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir. Bu, ölkəmizə münasibətin yaxşı əlamətidir. Biz bunu belə qəbul edirik. Əminəm ki, iclas yüksək səviyyədə keçəcək, qarşılıqlı fəaliyyətin, əməkdaşlığın mühüm məsələləri müzakirə olunacaqdır.
Ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlıq bütövlükdə çox dinamik və uğurla inkişaf edir. Əlbəttə, Daxili İşlər nazirliklərinin fəaliyyəti çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyəti vardır. Azərbaycana gəldikdə isə, təmsil etdiyiniz ölkələrlə bizim aramızda bütövlükdə çox dost münasibətlər, etimada söykənən qarşılıqlı səmimi dəstəkləmə münasibətləri qurulmuşdur. Bu dəstək həm də əməkdaşlığın mövcud olduğu səviyyədə özünü büruzə verir.

Müasir dövrdə biz hamımız qarşılıqlı surətdə bağlıyıq və hüquq pozuntularının profilaktikası və aradan qaldırılması üzrə birgə tədbirlər zəruri olduqda əməkdaşlığın potensialını, informasiya mübadiləsini gücləndirməyə çalışmalıyıq. Dünyada təhdidlər artır. Həmin təhdidlərin xarakteri dəyişməz qalsa da, formaları dəyişir. Əlbəttə, biz yeni çağırışlara, yeni təhdidlərə hazır olmalıyıq. Vətəndaşlarımızın bir çox mənada təhlükəsizliyi və həyatı dost ölkələrin, - indiki halda MDB məkanında, - qarşılıqlı fəaliyyətinin nə dərəcədə səmərəli təşkil edilməsindən asılı olacaqdır. Yəni, mən bizim və MDB ölkələrinin daxili işlər orqanları arasında əməkdaşlığı təşkilatımız çərçivəsində, habelə ikitərəfli formatda çox müsbət dəyərləndirirəm və qiymətləndirirəm. Əminəm ki, Bakıda keçirəcəyiniz günlər inkişafın gələcək yollarının müəyyən edilməsi, bu əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olacaqdır. Bu əməkdaşlıq həm də ümumi müsbət meylin ayrılmaz hissəsidir. Azərbaycan postsovet məkanında MDB-nin fəal üzvüdür, bir çox proqramlarda, bir çox layihələrdə - həm humanitar, həm iqtisadi sahələrdə, həm də təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərində iştirak edir.

Azərbaycan Prezidenti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin rəhbərləri ilə görüşlərində də regional təhlükəsizlik məsələlərinə həmişə böyük önəm verdiklərini vurğulayaraq bildirdi:

-Sizin ölkələrinizin rəhbərləri ilə əlaqələrim və görüşlərimdə digər məsələlərlə yanaşı, biz həmişə bu mövzuları müzakirə edir və həmişə bu istiqamətdə irəliləyiş olduğunu qeyd edirik. Əlbəttə, ilk növbədə söhbət bilavasitə qonşular arasında əməkdaşlıqdan gedir. Bu əməkdaşlığın, təbii ki, xüsusi formatı vardır, çünki qonşu ölkələrdə təhlükəsizlik, ümumiyyətlə, sənin öz təhlükəsizliyinin bir hissəsidir. Ölkələrimiz arasında vizasız rejim, kifayət qədər sərbəst yerdəyişmə nəzərə alınarsa, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məsələləri çox vacibdir. Çünki ölkələrimizdə, təəssüf ki, bəzən gözlənilməz hadisələr, terror həmlələri baş verir. Təbii ki, biz bu çağırışlara hazır olmalı, səyləri birləşdirməli, informasiya mübadiləsi aparmalıyıq. Sizin təmsil etdiyiniz ölkələrlə Azərbaycanın qarşılıqlı fəaliyyətinin səviyyəsi çox yüksəkdir.

Daha sonra Prezident İlham Əliyev ölkəmizin İnterpol ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdıraraq bildirdi:

-Mən bu gün dostumuz cənab Noblu görməyə çox şadam. O, artıq ilk dəfə deyildir ki, Azərbaycana gəlir. Azərbaycan və İnterpol arasında əməkdaşlıq ən yüksək səviyyədədir. İnterpoldan aldığımız dəstək, texniki dəstək və məsləhətlər bizim üçün çox vacibdir. Mənə çox xoşdur ki, siz bu gün bu iclasda iştirak edirsiniz. Bu da çoxtərəfli əməkdaşlığın əlamətidir. Çünki vətəndaşlarımızın dinc həyatını qorumaq üçün belə məsələlərdə maksimum sayda ölkə birlikdə, necə deyərlər, bir qayıqda olmalıdır.

Mən bir daha sizi ürəkdən salamlamaq, bizim nazirin dəvətini qəbul edib Bakıya gəldiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu günlər əməkdaşlığımız üçün əhəmiyyətli və şəxsi planda isə sizin üçün yaddaqalan olacaqdır.

İclasın gündəliyində duran məsələlərin müzakirəsi zamanı iştirakçıların yekdil fikrə gəldiyini vurğulayan Azərbaycanın daxili işlər naziri Ramil Usubov transmilli cinayətkarlıqla mübarizədə qarşılıqlı fəaliyyətin xüsusilə vacib olduğunu vurğulayaraq dedi:

-Biz belə bir ümumi fikrə gəlmişik ki, cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, birgə fəaliyyət doğrudan da çox zəruridir, xüsusən transmilli cinayətkarlığa qarşı mübarizə məsələsində. Burada təmsil olunan bütün ölkələrlə bizim çox yaxşı münasibətlərimiz vardır. Xüsusilə, sizin düzgün qeyd etdiyiniz kimi, qonşu ölkələrlə. Ələlxüsus Şimali Qafqaz, sərhədyanı bölgələr məsələsində Rusiya Daxili İşlər Nazirliyi ilə çox yaxşı münasibətlərimiz vardır. Rəhbərlər tez-tez, ildə bir-iki dəfə görüşürlər. Dünən və bu gün biz bu birgə fəaliyyəti gələcəkdə də davam etdirməkdən danışmışıq.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev tədbirin Azərbaycanda keçirilməsi üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək söylədi:

-MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurası həqiqətən cinayətkarlığa qarşı mübarizə sahəsində dövlətlərarası xarakter daşıyan bir çox məsələləri həll etməyə imkan verir. Hətta bugünkü iclasda biz praktiki olaraq işimizin bütün prioritet istiqamətlərini müzakirə etdik, cinayətkarlığa qarşı mübarizəyə dair dövlətlərarası proqramların icrasının aralıq yekununu vurduq, gələcək əməkdaşlığımızın konsepsiyasını yaratmağın zəruri olduğunu müəyyənləşdirdik.

Rusiyanın daxili işlər naziri Bakıda keçirilən iclasda müzakirə olunan məsələlər və qəbul ediləcək qərarların MDB dövlətlərinin cinayətkarlığa qarşı birgə mübarizəsi baxımından önəmli olacağını bildirdi.

Xəbər lenti

Xəbər lenti