...

Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən ziyanın ödənilməsi məsələsi üzrə müzakirələr keçirilib

Siyasət Materials 25 Sentyabr 2012 14:48 (UTC +04:00)
AMEA-nın İnsan Hüquqları İnstitutunda "Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 2.1 bəndinin icrasının müzakirəsinə həsr edilmiş "dəyirmi masa" keçirilib.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən ziyanın ödənilməsi məsələsi üzrə müzakirələr keçirilib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir E.Mehdiyev/

AMEA-nın İnsan Hüquqları İnstitutunda "Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 2.1 bəndinin icrasının müzakirəsinə həsr edilmiş "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbiri açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Prezident İlham Əliyev tərəfindən ölkədə insan hüquqlarının inkişafına diqqət göstərildiyini xüsusi vurğulayıb.

O qeyd edib ki, Milli Fəaliyyət Proqramının bütün fəsillərində müxtəlif sahələr üzrə dəqiqləşmələr, onların yerinə yetirilmə müddətləri və icralarına görə məsuliyyət daşıyan təşkilatlar, dövlət strukturları barədə müddəalar onun əhəmiyyətini daha da artırır.

Sənədin 2.1 bəndinin müzakirəyə çıxarılmasında əsas məqsəd Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi pozulması, işğal nəticəsində Azərbaycanın təbii və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsində beynəlxalq, regional və milli çərçivədə hüquqi vasitələrdən istifadə etməklə, müsbət nəticələrin əldə edilməsi üçün hazırlıq işlərinin müzakirə edilməsidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ADİU-nun Qiymət və qiymətləndirmə kafedrasının müdiri Xanhüseyn Kazımlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Azərbaycan əhalisinə, ərazisinə, iqtisadiyyatına, ekologiyasına, bitki və heyvanat aləminə böyük iqtisadi və mənəvi ziyan vurulduğunu qeyd edib.

Kazımlının sözlərinə görə, Azərbaycana dəyən maddi ziyanın ödənilməsi probleminin həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasının və erməni təcavüzünun nəticələrinin aradan qaldırılmasının, həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin mühüm aspektlərindən biridir.

Tədbirdə iştirak edən müvafıq nazirliklərin, Ombudsman Aparatının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquq və azadlıqlarının müdafıəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 2.1 bəndinin icrasının müxtəlif məsələri üzrə çıxış ediblər.

Müzakirələr zamanı sənədin 2.1 bəndinin yerinə yetirilməsi ilə bağlı hazırlıq işlərinin həyata keçirilməsi üçün təklif olunan ilkin tədbirlər planı ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti