...

İlham Əliyev Bakıda 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 25 Sentyabr 2012 14:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib.
İlham Əliyev Bakıda 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib.

Ötən il aprelin 4-də Prezident İlham Əliyev Ələt qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlətimizin başçısının 2011-ci il aprelin 6-da imzaladığı sərəncamla bu tibb müəssisəsinin inşası üçün bir milyon manat vəsait ayrılmışdı.

Ələt qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxdı.

Dövlətimizin başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinə məlumat verdi ki, poliklinikanın 1970-ci illərin əvvəllərində inşa olunmuş birmərtəbəli binası istifadəyə yararsız vəziyyətə düşdüyündən ötən ilin noyabrından yeni binanın inşasına başlanılıb. Qısa müddətdə müasir standartlar səviyyəsində tikilən tibb müəssisəsinin ikimərtəbəli yeni binasında müayinə və müalicə üçün hər cür şərait var.

Binanın girişində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılıb.

Dövlətimizin başçısı burada ultrasəslə müayinə kabineti ilə tanış oldu. Kabinetdə ən müasir tibbi avadanlıq quraşdırılıb ki, bu da tez və dəqiq diaqnoz qoymağa imkan verəcək. Burada, həmçinin uşaqlar üçün ayrıca bölmə yaradılıb. Tibb ocağında balacaların lazımi səviyyədə müayinə və müalicəsi üçün hər cür şərait var. Biokimyəvi və klinik laboratoriyalarda quraşdırılan müasir avadanlıq müayinələrin vaxtında və keyfiyyətlə aparılmasına imkan verəcək.

Prezident İlham Əliyev rentgen kabinetində yaradılan şəraitlə də tanış oldu.

Bildirildi ki, poliklinikada müxtəlif təyinatlı kabinetlər fəaliyyət göstərir. Bu kabinetlər də ən müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz olunub. Səhiyyə ocağında yüz nəfərlik tibbi heyət qəsəbə sakinlərinin sağlamlığının keşiyində duracaq. Dövlətimizin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqət və qayğının davamlı xarakter aldığının daha bir nümunəsi olan Ələt qəsəbəsindəki poliklinikada hər cür şəraitin yaradılması, ilk növbədə burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradacaq.

Azərbaycan Prezidenti poliklinikada yaradılmış şəraiti yüksək qiymətləndirdi, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti