...

Bakının Mərdəkan qəsəbəsi ilə Polşanın Pruşkuv rayonunun Nadajın qəsəbəsi qardaşlaşıblar

Siyasət Materials 5 Noyabr 2012 18:51 (UTC +04:00)
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Polşanın Pruşkuv rayonunun Nadajın qəsəbələrinin qardaşlaşma müqaviləsinin imzalanması məqsədilə Azərbaycandan 7 nəfərlik nümayəndə heyəti Polşaya səfər edib. Qeyd olunan səfər çərçivəsində Polşanın Nadajın şəhərində Azərbaycan Günləri keçirilib.
Bakının Mərdəkan qəsəbəsi ilə Polşanın Pruşkuv rayonunun Nadajın qəsəbəsi qardaşlaşıblar

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Polşanın Pruşkuv rayonunun Nadajın qəsəbələrinin qardaşlaşma müqaviləsinin imzalanması məqsədilə Azərbaycandan 7 nəfərlik nümayəndə heyəti Polşaya səfər edib. Qeyd olunan səfər çərçivəsində Polşanın Nadajın şəhərində Azərbaycan Günləri keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Günləri çərçivəsində II İoan Pavelin adını daşıyan Nadajın gimnaziyasında şəhər OSP orkestri tərəfindən Azərbaycan musiqisi səsləndirilib. Azərbaycan musiqisi ilə bağlı olan tədbir çərçivəsində gimnaziyanın şagirdləri "Azərbaycan" mahnısını ifa ediblər. Şagirdlərin ifası bütün dinləyicilər tərəfindən alqışla qarşılanıb.

Nadajın şəhərində keçirilən Azərbaycan Günləri tədbirinin əsas hissəsi Bakı şəhərinin Xəzər rayonu ilə Polşanın Nadajın şəhəri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanması olub. Müqavilənin imzalanma mərasimində Azərbaycan Polşadakı səfiri Həsən Həsənov və səfirliyin əməkdaşları, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov və Xəzər rayonundan gəlmiş nümayəndə heyəti, Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova və cəmiyyətin üzvləri, Nadajın şəhərinin meri Yanuş Gjıb və meriyanın işçiləri, Bələdiyyə Şurasının üzvləri, şəhər sakinləri, o cümlədən gənclər iştirak ediblər.

Mer Yanuş Gjıb imzalanacaq müqavilənin elm, texnika, təhsil və səhiyyə, mədəniyyət və incəsənət, turizm və idmanın inkişafı, yerli özünüidarəetmə, ekologiya və təbii resursların səmərəli istifadəsi sahələrində əməkdaşlıq etməyə imkan verdiyini vurğulayıb. O, bildirib ki, bu müqavilə hər iki xalqın bir-birini yaxından tanıması üçün gözəl imkan yaradacaq.

Daha sonra isə Azərbaycanın paytaxtı Bakı şəhərinin Xəzər rayonu ilə Polşanın Nadajın şəhəri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında müqavilə Azərbaycan, polyak dillərində oxunub və imzalanıb.

Müqavilə imzalandıqdan sonra səfir Həsən Həsənov çıxış edib. Öz çıxışında səfir Azərbaycan və Polşa arasında diplomatik münasibətlərin qurulmasının 540 və bərpasının 20 illiyi münasibətilə səfirlik tərəfindən geniş miqyaslı tədbirlərin keçirildiyini bildirib. Sonra Azərbaycan və Polşa arasında diplomatik münasibətlərin qurulmasının 540 və bərpasının 20 illiyi ilə təsis edilmiş xatirə medallarının təqdimatı olub. Nadajın şəhəri ilə Xəzər rayonu arasında əlaqələrin qurulmasında əməyi keçmiş Nadajın şəhərinin meri Yanuş Gjıb, Xəzər rayonu İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, II Yan Pavel adına gimnaziyanın direktoru Zbiqniev Reluqa və gimnaziyanın müəlliməsi və Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin Nadajın şəhəri üzrə koordinatoru Liliya Kovalçık medalla təltif olunublar.

Tədbirin sonunda Azərbaycan-Polşa diplomatik əlaqələrinin simvolu olan abidənin açılış mərasimi olub. Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 540 və bərpasının 20 illiyinə həsr olunmuş abidə böyük daş üzərinə bərkidilmiş qranit lövhədən ibarətdir. Qranit lövhənin üzərinə Azərbaycan Respublikasının gerbi və Roma Papası II İoan Pavelin Azərbaycan haqqında söylədiyi "Mən bu çox qədim dövlət olan Azərbaycanın mədəniyyətinin zənginliyinə heyranlığımı qəlbimdə hifz edərək gəlmişəm. Rəngarəngliyi və özünəməxsusluğu ilə zəngin olan bu ölkə bir çox mədəniyyətlərin sərvətlərini özündə ehtiva edib. Azərbaycan dövlətinə və onun nəcib xalqına çiçəklənməyi, inkişaf və sülh arzu edirəm!" cümlələri həkk edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti