...

Azərbaycanla Meksika arasında əlaqələrin genişləndirilməsinin perspektivləri nəzərdən keçirilib

Siyasət Materials 9 Noyabr 2012 12:16 (UTC +04:00)
Azərbaycan və Meksika arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə Milli Məclisin nümayəndə heyəti Meksikada səfərdə olub.
Azərbaycanla Meksika arasında əlaqələrin genişləndirilməsinin perspektivləri nəzərdən keçirilib

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Azərbaycan və Meksika arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə Milli Məclisin nümayəndə heyəti Meksikada səfərdə olub.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə millət vəkilləri Asəf Hacıyev, Asim Mollazadə və Azərbaycan-Meksika dostluq qrupunun rəhbəri Ülvi Quliyev daxil ediliblər. Görüşlərdə, həmçinin Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov iştirak edib.

Milli Məclisin nümayəndə heyəti Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Teofilio Torres Corzo, Deputatlar Palatasının sədr müavini Fransisko Arroyo Vieyra, Meksika xarici işlər nazirinin müavini xanım Maria Aranda, habelə ölkənin aparıcı siyasi partiyalarının rəhbərləri və Konqres üzvləri ilə görüşüblər.

Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil və sair sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyəti, həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, münaqişənin nəticələri və bütövlükdə region dövlətləri üçün yaratdığı təhdid və təhlükə barədə qarşı tərəfə məlumat verib, Ermənistanın qeyri-konstruktiv və aqressiv siyasəti nəticəsində indiyədək münaqişənin həll edilmədiyini bildirib.

Senatın Xarici əlaqələr komitəsində keçirilmiş görüşdə tərəflər, parlament diplomatiyasının iki ölkə arasında inkişaf edən əlaqələrə öz mühüm töhfəsini verəcəyinə əmin olduqlarını ifadə ediblər. Hər iki ölkənin parlament üzvləri Azərbaycan və Meksika arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini bir daha təsdiq ediblər.

Deputatlar Palatasının sədr müavini Fransisko Arroyo Vieyra ilə görüş zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi, parlament dostluq qrupları arasında daha sıx əməkdaşlıq əlaqələrinin vacibliyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevə Deputatlar Palatası adından salamlarını çatdıran sədr müavini F.Arroyo Vieyra Azərbaycan və Meksika arasında yaxın dostluq əlaqələrinin yarandığını bildirib, ölkəmizdə davam edən demokratik proseslərə, habelə Azərbaycanın tarixi, adət-ənənələri, xalqın yüksək qiymət verdiyi milli dəyərləri və ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin hörmətlə yanaşdığını deyib. Sədr müavini F.Arroyo Vieyra ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün gələcəkdə də əlindən gələni əsirgəməyəcəyini bildirib.

Xanım Maria Aranda ilə görüşdə iki ölkə arasında geniş spektrdə əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olduğu qeyd edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam edən danışıqlar prosesinə öz münasibətini bildirən Aranda Azərbaycanın ərazi bütövlüyünün Meksika tərəfindən tanındığını bildirib və münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti