Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbirlər Y.Kosolapova, E.Tariverdiyeva/
İran parlamentinin spikeri Əli Laricani İsrailin Qəzzaya endirdiyi zərbələri qətiyyətlə pisləyib və zorakılığı dayandırmağa çağırıb. Bu barədə Trend Press TV-yə istinadən məlumat verir.
Laricani Parlamentlərarası İttifaqın baş katibi Anders Consonla telefon danışığında İsrailin Qəzza əhalisinə qarşı hücumlarını kəskin pisləyib və İttifaqı təcavüzə qarşı tədbirlər görməyə çağırıb.
Öz növbəsində, Conson bəyan edib ki, İttifaqın nümayəndə heyəti vəziyyəti araşdırmaq üçün yaxın vaxtlarda Qəzzaya gedəcək.
Laricani İƏT-ə üzv dövlətlərin Parlament Birliyinin baş katibi Erol Kılıçla telefon danışığı zamanı İslam ölkələrini İsrailin təcavüzünə qarşı tədbirlər görməyə çağırıb.
İran parlamentinin spikeri, həmçinin Livan, Əlcəzair, Pakistan, Suriya, İraq və Tunisdən olan həmkarları ilə telefon danışıqları aparıb və İsrailin cinayətlərini ittiham etmək üçün İslam ölkələrinin parlamentlərini tədbir görməyə çağırıb.