Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/
Ermənistanın keçmiş xarici işlər nazirinin səsləndirdiyi bəyanat reallığı əks etdirmir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.
YAP funksioneri bildirib ki, Raffi Hovanisyanın səsləndirdiyi fikirlər beynəlxalq aləmin bu məsələlərlə bağlı qəbul etdiyi baxışları çərçivəsinə qətiyyən sığmır.
"Ermənistanın keçmiş xarici işlər nazirinin nə deməsindən asılı olmayaraq, istər BMT, istərsə də Avropanın mühüm qurumları, beynəlxalq birlik, o cümlədən də münaqişənin nizama salınması ilə məşğul olan ATƏT və onun həmsədləri Azərbaycan torpaqlarının işğal olunduğu faktını dəfələrlə ifadə ediblər, Azərbaycanın ərazı bütövlüyünü tanıdıqlarını açıq şəkildə bəyan ediblər", - Əhmədov deyib.
YAP rəsmisi hesab edir ki, bütün bunların hamısı Ermənistanın keçmiş xarici işlər nazirinin səsləndirdiyi sərsəm bəyanatın tamamilə əsassız olduğunu təsdiqləyir.
Qeyd edək ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak üçün Bakıya gələn Ermənistanın sabiq xarici işlər naziri Raffi Hovanisyan jurnalistlərə Dağlıq Qarabağın separatçı rejiminin tanınmasının vacibliyinə dair açıqlama verib.