Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Noyabrın 21-də Sinqapur Respublikasının Prezidenti Toni Tanın adından bu ölkədə dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir.
Dövlət başçıları rəsmi naharda çıxış etmişlər.
Azərbaycanın dövlət başçısının Sinqapura ilk səfərindən məmnun olduğunu bildirən Prezident Toni Tan 18 il bundan əvvəl diplomatik münasibətlərin qurulmasından sonra ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini dedi.
"Münasibətlərimiz ümumi maraq və qarşılıqlı ehtirama söykənir", - deyən Sinqapurun dövlət başçısı bildirdi ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri də təqdirəlayiqdir. Münasibətlərimizin siyasi, iqtisadi və digər sahələrdə böyük potensialının olduğunu deyən Toni Tan Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, keçən il ölkəmizdə 7,6 faiz iqtisadi artım müşahidə olunduğunu və bu gün Azərbaycanın dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini diqqətə çatdırdı. Ölkələrimizin iqtisadi əməkdaşlığının da uğurlu olduğunu deyən Sinqapurun dövlət başçısı şirkətlər arasında səmərəli iş birliyinin yaranmasından məmnunluğunu ifadə etdi.
"Azərbaycan zəngin tarixə və mədəniyyətə malik ölkədir", - deyən Toni Tan mədəniyyət sahəsində əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi.
Prezident İlham Əliyev onu Sinqapura dəvət etdiyinə görə minnətdarlığını bildirdi, Sinqapur kimi Azərbaycanın da multikulturalizm prinsiplərinə yüksək dəyər verdiyini dedi.
Ölkələrimizin siyasi əlaqələrinin çox güclü olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Sinqapurun verdiyi dəstəyə görə təşəkkür etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan dövlətimizin başçısı Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Sinqapurun münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf proseslərindən danışdı, bu sahədə ölkələrimizin potensialının böyük olduğunu dedi. Mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın önəmini vurğulayan dövlət başçısı çıxışının sonunda Sinqapur Prezidentini ölkəmizə səfərə dəvət etdi.
Sinqapurda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib (ƏLAVƏ OLUNUB) (FOTO)
Noyabrın 21-də Sinqapur Respublikasının Prezidenti Toni Tanın adından bu ölkədə dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir