Azərbaycan, Bakı, 23 noyabr /Trend müxbir M.Əliyev/
Milli Məclisin İqtisadi siyasət komitəsi cümə günü "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsini müzakirəyə çıxarıb.
Trend-in məlumatına görə, Komitə sədri Ziyad Səmədzadə bildirib ki, bu qanun layihəsi Azərbaycanda iqtisadiyyatın inkişafında və bazar münasibətlərinin tənzimlənməsində müstəsna rol oynayacaq.
Onun sözlərinə görə,qanun layihəsi bazar münasibətlərində, mülkiyyət məsələlərində ortaya çıxan problemlərin həll olunmasına yardım edəcək.
"Baxmayaraq ki, bu sahəni tənzimləyən qanun 1998-ci ildə qəbul edilib, bu qanun müasir dövrün iqtisadi tələblərinə, bazar və mülkiyyət münasibətlərinin tənzimlənməsinə cavab vermir", - millət vəkili deyib.
Səmədzadə qeyd edib ki, bu sahədə münasibətlərin tənzimlənməsi üçün yeni qanuna ehtiyac var.
Qanun layihəsinin müəllifi, deputat Xanhüseyn Kazımlı bildirib ki, sənəd 3 fəsil, 39 maddədən ibarətdir və beynəlxalq təcrübə və bazar münasibətlərinin müasir dövrünün tələblərinə əsaslanaraq hazırlanıb.
Qanun layihəsi dövlətə, bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə məxsus olan əmlakın və əmlak hüquqlarının qiymətləndirilməsi üzrə müstəqil qiymətləndirmə sisteminin yaradılmasının, qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin və bu cür fəaliyyətin nəticələrindən istifadə edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir.
Qanunda yeni Qiymətləndiricilər Palatasının yaradılması, onun fəaliyyəti, qiymətləndirməni həyata keçirmə mexanizmləri, Palata üzvlərinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, ümumiyyətlə, qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi ilə bağlı müddəalar əksini tapır.
"Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsi baxılması üçün müvafiq təşkilatlara göndərilib. Layihənin müzakirəsi zamanı sənəddə kifayət qədər düzəlişlərə ehtiyac olduğu bildirilib.
Komitə sədri Ziyad Səmədzadə, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Cavid Qurbanov və digərləri müzakirələr zamanı Qiymətləndiricilər Palatasına qiymətləndirici qurumların məcburi qaydada üzv olmasının əleyhinə çıxış ediblər. Onlar eyni zamanda, qanundakı müddəaların müəyyən qədər sadələşdirilməsinin vacibliyini vurğulayıblar. Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunmadan baxılması üçün müvafiq təşkilatlara göndərilib. Həmçinin müzakirələrin yekununda sənədlə bağl işçi qurupun yaradılması təklif olunub.
Komitə sədri Səmədzadə bildirib ki, müvafiq təşkilatlar sənədə baxdıqdan və müvafiq rəylər verdikdən sonra qanun yenidən komitədə müzakirəyə çıxarılıb plenar iclasa tövsiyə oluna bilər.