...

Kartepedə Azərbaycan-Türkiyə dostluq parkının açılış mərasimi keçirilib

Siyasət Materials 24 Noyabr 2012 19:09 (UTC +04:00)
Cümə günü Türkiyənin Kocaeli vilayətindəki Kartepe bələdiyyəsinin ərazisində yeni salınmış Azərbaycan-Türkiyə dostluq parkının açılış mərasimi keçirilmişdir. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Kartepedə Azərbaycan-Türkiyə dostluq parkının açılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Cümə günü Türkiyənin Kocaeli vilayətindəki Kartepe bələdiyyəsinin ərazisində yeni salınmış Azərbaycan-Türkiyə dostluq parkının açılış mərasimi keçirilmişdir. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkiyə Baş nazirinin müşaviri Seadetdin Kılıc, Mərmərə Qrupu Sosial və Strateji araşdırmalar Vəqfinin sədri Akkan Suver, Kartepe bələdiyyəsinin sədri Şükrü Karabalık, Kocaeli valiliyi və bələdiyyəsinin rəhbər şəxsləri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar tədbir iştirakçılarını salamlayaraq bu parkın iki xalq arasındakı dostluq və qardaşlıq münasibətlərinin təcəssümü olduğunu qeyd etmişdir. O, parkın salınmasına verilən dəstəyə görə Koceli bələdiyyəsi və valiliyinə, eyni zamanda Dərincə bələdiyyəsinə minnətdarlığını bildirmişdir.

Kartepe bələdiyyəsinin sədri Şükrü Karabalık Azərbaycanın Türkiyə üçün önəmli bir ölkə, qardaş dövlət olduğunu qeyd etmişdir. O, Azərbaycanın adı keçən hər bir layihənin, təşəbbüsün Türkiyədə hər zaman dəstək qazandığını və bunun təbii olduğunu vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycana göstərilən sevgiyə və diqqətə görə təşəkkürünü bildirmişdir. O, Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi transmilli layihələrin hər iki ölknin gücünə güc qatdığını, regionda və dünyada nüfuzunun daha da artmasına səbəb olduğunu vurğulamışdır.

Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Biz bir millət iki dövlətik" kəlamının tarixi reallıqları ifadə etdiyini qeyd edərək, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını diqqətə çatdırmışdır. Prezident Administrasiyasının şöbə müdiri parkın salınmasına verilən dəstəyə görə Kocaeli bələdiyyəsi və valiliyinə, və Dərincə bələdiyyəsinə təşəkkür etmişdir.

Tədbirin sonunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Kartepe bələdiyyəsinin sədri Şükrü Karabalıka təşəkkür plaketi təqdim etmişdir.

Mərasim bitdikdən sonra tədbir iştirakçıları Dərincə bələdiyyəsi Ərazisində yerləşən ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti