Türkiyə, İstanbul, 6 dekabr /Trend, xüsusi müxbir A.Bədəlova/
Xəzər bölgəsində yerləşən ölkələr çox zəngin enerji mənbələrinə sahibdirlər. Bunu cümə axşamı İstanbulda Trend-in xüsusi müxbirinə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Bu ölkələr öz suveren hüquqları çərçivəsində bu mənbələrin istifadəsini həyata keçirir və dünya bazarına çıxarılmasında hər cür imkanlara sahibdirlər", - Xələfov deyib.
XİN müavininin sözlərinə görə, eyni zamanda, Xəzər dənizi bölgəsində mövcud olan beynəlxalq əməkdaşlıq bu istiqamətdə yeni işlərin həyata keçirilməsinə və yeni layihələrin reallaşdırılmasına imkan yaradır.
"İndiyə kimi keçdiyimiz dövr, aparılan fəaliyyət və həyata keçirilən layihələr onu göstərir ki, Xəzər regionu bundan sonra da dünyada enerji təhlükəsizliyinin təmin olunmasında vacib bir mərkəz kimi qalacaq. Dost və qardaş Türkiyənin bu əməkdaşlıqda mərkəzi yerlərdən birini tutması bizim imkanlarımızı daha da artırır. Bundan sonra da Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə həyata keçirilən yeni strateji layihələr həm regionda inkişafa, sosial rifaha, həm də dünyanın və Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək", - nazir müavini əlavə edib.
Qeyd edək ki, bu gün İstanbulda Xəzər forumu öz işinə başlayıb.