Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/
Bakıda çərşənbə günü GUAM Parlament Assambleyasının (PA) 5-ci iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, Milli Məclisdə keçirilən iclasa GUAM PA-nın sədri, azərbaycanlı deputat Elton Məmmədov sədrlik edir. İclasda GUAM PA-nın milli nümayəndə heyətləri iştirak edir.
Məmmədov açılışda bildirib ki, bu iclasın Bakıda keçirilməsi təşkilatın gələcək fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynayacaq.
Onun sözlərinə görə, sön dövrdə təşkilatın beynəlxalq aləmdə çəkisi artıb. Məmmədov bildirib ki, təşkilata üzv ölkələrdəki Dağlıq Qarabağ, Abxaziya və Dnetsryanı münaqişələrin hələ də həll olunmaması regionun, ümumiyyətlə Avropanın təhlükəsizliyinə ciddi zərbə vurur.
"Münaqişələrin hələ də həll olunmaması iqtisadi əməkdaşlığın genişləndirilməsinə də əngəl yaradır. Yalnız beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyü çərçivəsində regionda sabitlik bərqərar ola bilər", - o deyib
Qeyd edək ki, GUAM Parlament Assambleyasının bu iclasında quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri, "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.
İclasda GUAM PA-nın baş katibi Valeri Çeçelaşvili bildirib ki, təşkilat müxtəlif proqramlar vasitəsilə Xəzər və Qara dəniz ölkələri ilə sıx əməkdaşlıq edir.
"Əsas məsələ dövlətlərimizin mövqelərinin yaxınlaşmasıdır. GUAM-a üzv ölkələrin dəstəyi, GUAM-ın başqa parlament platformalarında iştirakı bizim üçün vacibdir. Katibliyin bütün resursları və gücləri təşkilatın yeni sədri olan ölkənin öhdəsində olacaq", - Çeçelaşvili deyib.