...

Azərbaycanda mədəniyyət sahəsi yeni qanunla tənzimlənəcək

Siyasət Materials 21 Dekabr 2012 12:55 (UTC +04:00)
Trend-in məlumatına görə, qanun Milli Məclisin cümə günü keçirilən iclasında üçüncü oxunuşda qəbul edilib.
Azərbaycanda mədəniyyət sahəsi yeni qanunla tənzimlənəcək

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Mədəniyyət haqqında" qanun qəbul olunub.

Trend-in məlumatına görə, qanun Milli Məclisin cümə günü keçirilən iclasında üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsini təqdim edən MM-in Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, ikinci oxunuşdan sonra qanuna deputatların təklifləri, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəsislərinin rəyləri, qeydləri nəzərə alınaraq bir sıra əlavələr edildiyini vurğulayıb.

O bildirib ki, ötən variantla müqayisədə bir sıra redaktə xarakterli dəyişikliklər də edilib. Qanunda mədəniyyət sahəsinin tənzimlənməsi istiqamətində bir sıra məsələlər öz əksini tapıb.

Qanunda qeyd olunur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyələşdirilməsi gözlənilən layihələr mədəniyyət sahəsində yaradıcı və peşəkar birliklər tərəfindən təqdim olunmalıdır. Həmçinin layihədə qeyd olunur ki, mədəniyyət sahəsində yaradıcılıq və peşəkar birliklərin dövlət siyasətinin hazırlanmasında, həyata keçirilməsində və icrasına nəzarət olunmasında iştirak etmələrinə dövlət tərəfindən müvafiq təminat verilir.

Sənəd yaradıcı şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada yaradıcılıq və peşəkar birliklər yaratmasını əks etdirir. Eyni zamanda, hər bir şəxs istənilən birliyə öz mənsubiyyətini müstəqil müəyyən edə və birliyin fəaliyyətində sərbəst iştirak edə bilər.

Sənəddə qeyd olunur ki, özəlləşdirilən mədəniyyət obyektinin sahibi əmək kollektivi üzvlərinin ən azı bir il müddətində öz iş yerlərində saxlanılmasını təmin etməlidir.

Özəlləşdirilmiş mədəniyyət obyektinin əsas fəaliyyəti mədəni sərvətlərin bərpası, qorunması və təbliği, mədəniyyət məhsullarının istehsalı və ya xidmətlərin göstərilməsi və bu xidmətlərin əhaliyə güzəştli şərtlərlə təqdim edilməsi olmalıdır.

Qanun layihəsində qadağalarla bağlı qeyd olunur ki, dövlət və bələdiyyə mülkiyyətində olan bir sıra obyektlərin özəlləşdirilməsinə icazə verilmir. Bunlar Azərbaycan milli mədəni irsinə aid olan obyektlər, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş obyektlər, dövlət və bələdiyyə mülkiyyətinə aid olan muzey, arxiv, kino, kitabxana, foto, arxiv və fondlarda saxlanılan maddi mədəniyyət obyektləri və binalar, təbii irsə aid obyektlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti