...

Diasporla İş üzrə Dövlət Komitəsi 2013-cü ilin proritetlərini açıqlayıb

Siyasət Materials 28 Dekabr 2012 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Trend-in məlumatına görə, sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi yad olunub.

Komitə sədri Nazim İbrahimov qeyd edib ki, bu böyük bayramı ümummilli lider Heydər Əliyev bizə bəxş edib və bütün dünya azərbaycanlıları hər il 31 dekabrı Həmrəylik Günü kimi qeyd edirlər.

"10 ildən artıqdır ki, Diasporla İş üzrə Dövlət Komitəsi də fəaliyyət göstərir. Ümumilli lider dünya azərbaycanlılarını toplamaq, bir araya gətirmək üçün belə bir dövlət qurumu yaratdı. Biz də özümüzə borc bilirik ki, Dövlət Komitəsinin bütün kollektivi, Azərbaycan diasporuna aidiyyəti olan insanlar ilə birgə gəlib bu gündə ümummilli liderin xatirəsini yad edək, bir daha onun xatirəsinə olan böyük ehtiramımızı bildirək", - İbrahimov deyib.

Komitə sədri onu da qeyd edib ki, ötən illər ərzində diaspor təşkilatları irəliləyişlər əldə edib, daha sıx həmrəylik nümayiş etdirirlər və bu həmrəylik özünü çox yerdə göstərir.

Qarşıda duran işlər haqqında danışan İbrahimov əsas diqqətin dünyadakı Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsinə yönələcəyini vurğulayıb.

"Hesab edirəm ki, növbəti ildə də diaspor təşkilatları arasında daha sıx əlaqə qurulacaq və bu əlaqə də gələcəkdə Azərbaycan diasporunun bütün dünyada nümunə olacağına işarə verir. Artıq dünyanın bir çox ölkələri Azərbaycanın bu sahədə təcrübəsindən nümunə kimi istifadə etmək istəyirlər", - İbrahimov deyib.

Onun sözlərinə görə, gələn ilin yanvarında Bakıda türkdilli dövlətlərin diaspor qurumlarının rəhbərlərinin toplantısı olacaq.

"Bir çox dünyəvi qurumlar artıq öz böyük toplantılarını Azərbaycanda keçirmək istəyirlər və bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun göstəricisidir. Bu istiqamətdə diasporun xüsusi rolu var", - İbrahimov deyib.

Bu yaxınlarda Dünya Azərbaycanlıları Gənclər Birliyinin yaradıldığını xatırladan İbrahimov qeyd edib ki, həmin təşkilatın fəaliyyətinin gücləndirilməsi əsas vəzifələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti