...

İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 16 Yanvar 2013 16:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Səfir Fəhd bin Əli əd-Dosəri səfirlik fəaliyyəti dövründə Azərbaycanın bütün regionlarına etdiyi səfərlər zamanı Bakıda və regionlarda böyük inkişafın şahidi olduğunu vurğuladı. O, diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərimizin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğuladı. Diplomat əlaqələrimizin genişləndirilməsində qarşılıqlı investisiya qoyuluşunun önəmini qeyd etdi.

Dövlətimizin başçısı Fəhd bin Əli əd-Dosərinə ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığının dost və tərəfdaş ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birilərinə bütün beynəlxalq təşkilatlarda dəstək vermələrinin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əlaqələrin bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti