...

Fəzail Ağamalı: Vergi yoxlamaları ətrafında şou yaratmağa ehtiyac yoxdur

Siyasət Materials 17 Yanvar 2013 15:22 (UTC +04:00)
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun İttifaqda başlanan vergi yoxlamaları ətrafında şou yaratmasına ehtiyac olmadığını deyib.
Fəzail Ağamalı: Vergi yoxlamaları ətrafında şou yaratmağa ehtiyac yoxdur

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun İttifaqda başlanan vergi yoxlamaları ətrafında şou yaratmasına ehtiyac olmadığını deyib.

"Əgər Rüstəm İbrahimbəyov vergidən yayınmayıbsa, vergini vaxtlı-vaxtında ödəyibsə, heç bir sanksiya tətbiq olunmayacaq və bunun ətrafında səs-küy salmağa ehtiyac yoxdur", - bu barədə Ağamalı Trend-ə bildirib.

O qeyd edib ki, ölkədə fəaliyyət göstərən bütün sahibkarlar, təşkilatlar vergi ödəməlidir. "Əgər o, vergidən yayınmayıbsa, niyə narahat olur. Əgər vergini ödəməyibsə və uzun müddətdən bəri vergi ödəmədiyinə görə orada Vergilər Nazirliyi yoxlamalar aparırsa, bu, tamamilə qanunauyğun məsələdir və bunun da ətrafında mənasız şou, mənasız söz-söhbət yaratmağa ehtiyac yoxdur", - Ağamalı deyib.

Ağamalı qeyd edib ki, əgər İbrahimbəyov şou yaradaraq bunu istər ölkə mətbuatına, istərsə də xaricdəki havadarlarının diqqətinə çatdırmaq istəyirsə, bunu açıq şəkildə ifadə etsin.

Millət vəkili vurğulayıb ki, Rüstəm İbrahimbəyovun açıqlamaları hakimiyyət üçün o qədər təhlükəli deyil ki, xüsusi olaraq onun qarşısını alsınlar.

"Azərbaycan demokratik ölkədir, bütün vətəndaşlar kimi, Rüstəm İbrahimbəyov da öz baxışlarını, fikirlərini ortaya qoya bilər və bundan da əndişələnmək lazım deyil. Yəni özü deyir, özü də öz dediyindən təhlükə hiss edirsə, artıq buna başqa cür yanaşmaq lazımdır", - Ağamalı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti