...

Əli Əhmədov: Azərbaycan gəncləri vətənpərvərlikləri sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcəklər

Siyasət Materials 29 Yanvar 2013 12:08 (UTC +04:00)
Azərbaycan gəncləri vətənpərvərlikləri, fəallıq, güc və qüdrətləri sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcəklər.
Əli Əhmədov: Azərbaycan gəncləri vətənpərvərlikləri sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcəklər

Azərbaycan, Bakı, 29 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycan gəncləri vətənpərvərlikləri, fəallıq, güc və qüdrətləri sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcəklər. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin 2 fevral - Gənclər Günü ilə əlaqədar keçirilən toplantısında bildirib.

O deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur, gənclər siyasi fəallıq nümayiş etdirirlər.

"Azərbaycanın gələcəyi parlaqdır, çünki yüksək səviyyəli təhsil alan gəncləri hadisələri gecikmədən daha yüksək formada dəyərləndirməyə qadirdirlər. Bu, Azərbaycan dövləti tərəfindən onlara yaradılan şəraitin, ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir", - Əhmədov bildirib.

Onun sözlərinə görə, üzvlərinin sayı 600 minə çatan YAP-ın əsas hissəsi gənclərdən ibarətdir və həmi gənclər partiyanın cəmiyyətdəki rolunun daha da güclənməsi üçün mühüm fəallıq göstərirlər.

2013-cü ilin prezident seçkiləri ili olduğunu xatırladan Əhmədov deyib ki, YAP-ın fəallığının təmin edilməsinə gənclər öz töhfələrini verəcəklər, Azərbaycanın gələcəyi naminə prezident seçkilərinin əhəmiyyət kəsb etməsi barədə təbliğat aparacaqlar.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə bildirib ki, bugünkü Azərbaycan gəncliyinin elə bir nəsli formalaşıb ki, ölkənin qüdrətlənməsində fəal iştirak edir, beynəxalq aləmdə Azərbaycanı layiqincə təmsil edir. "Hər istiqamətdə fəaliyyət göstərən Azərbaycan gəncləri öz dəst-xətti ilə seçilir", - o deyib.

Babayev qeyd edib ki, bugünkü Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir.

Nazir müavini gənclərlə bağlı ölkədə müxtəlif layihələrin həyata keçirildiyini, bu istiqamətdə Dövlət Proqramının qəbul olunduğunu xatırladıb.

"Bu gənclik imkan verməyəcək ki, Azərbaycanın bugünkü inkişafına zərər gəlsin", - Babayev deyib.

Milli Məclisin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq gənclər təşkilatının sədri Fuad Muradov tədbirdə bildirib ki, bu gün Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyin möhkələnməsində gənclərin üzərinə böyük iş düşür.

"Bu gün bizim düşmənimiz çoxdu, çünki güclü inkişaf edən ölkələrin düşməni də çox olur. Azərbaycanın həll olunmamış Dağlıq Qarabağ problemi də var. Bu səbəbdən gənclər ayıq olmalıdır", - o deyib.

YAP Azərbaycanda ən böyük partiya olduğunu qeyd edən Muradov bildirib ki, Azərbaycan gəncliyi beynəlxalq qurumlarda xüsusi fəallığı ilə seçilir.

"Azərbaycanda gənclərlə bağlı layihələr həyata keçirilir, böyük beynəlxalq tədbirlər təşkil olunur. 1990-cı illərin əvvəlində gənclərin şəraiti yox idi, bu gün bütün şəraitlər var", - o deyib.

Tədbirin sonunda YAP-ın fəal gəncləri fəxri fərmanlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti