Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvəti ilə Azərbaycana gəlmiş Rusiya İctimai Palatasının nümayəndə heyəti və Türkiyə Sivil Toplum Quruluşları təmsilçilərinin səfər proqramı çərçivəsində Azərbaycan-Rusiya-Türkiyə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı üzrə üçtərəfli formatda müzakirələr keçirilib.
Trend-in məlumatına görə, müzakirələrdə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədri Azay Quliyev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov və Türkiyə Eko-Avrasiya Sivil Toplum Quruluşunun sədri İsmayıl Safinin başçılıq etdiyi nümayəndə heyətləri qatılıb.
Quliyev bildirib ki, Azərbaycan, Türkiyə və Rusiya arasında dərin dostluq münasibətləri mövcuddur və bu əlaqələr vətəndaş cəmiyyəti, QHT-lər müstəvisinə qaldırılmalıdır. O qeyd edib ki, bu üç ölkənin QHT-lərinin əməkdaşlığı ilə bağlı Əlaqələndirmə Şurası yaradılmalıdır və bu qurum gələcəkdə uğurlu əməkdaşlığın koordinasiya məsələsini öz üzərinə götürməlidir. O, növbəti belə forumun Moskvada keçirilməsini təklif edib.
Rusiya İctimai Palatasının nümayəndələri qeyd ediblər ki, hər üç ölkə öz regionlarının liderləridir və bu sektorda əməkdaşlıq uğurlu nəticələr verə bilər. Onlar gələcəkdə üç ölkə QHT-lərinin səmərəli fəaliyyətinin planının hazırlanmasının vacibliyini vurğulayıblar. Rusiya nümayəndə heyətinin üzvləri qeyd ediblər ki, üç tərəfli əməkdaşlığın yeni formatı və identifiksiyası tapılmalıdır ki, bunun nəticəsində regionda sabitliyin, inkişafın qorunmasına töhfə versin.
Türkiyə Eko-Avrasiya Sivil Toplum Quruluşunun sədri İsmayıl Safi bildirib ki, vətəndaş institutlarının potensialından istifadə edib ölkələrimizin vətəndaş cəmiyyəti arasında əlaqələrin inteqrasiyasına nail olunmalıdır.
Tədbirdə bildirilib ki, ölkələrimiz arasında üçtərəfli əməkdaşlığın təşkili ilə bağlı müddəa bu gün imzalanan Memorandumda öz əksini tapıb. Müzakirədə QHT-lərinin regional və beynəlxalq əməkdaşlığının təşkil edilməsi istiqamətində keçən səmərəli danışıqlar nəticəsində münasibətlərin qarşılıqlı ictimai fayda və milli maraqların müdafiəsi üzərində qurulmasının vacibliyi vurğulanıb. Toplantıda əməkdaşlığın reallaşdırılması və təşkilati-texniki təminatı üçün konkret təkliflər paketinin işlənib hazırlanması barədə razılıq əldə olunub. İclasda növbəti üçtərəfli görüşün Moskvada keçirilməsi təklif edilib.