Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru
Hər bir cəmiyyətdə həmin cəmiyyəti təşkil edən ayrı-ayrı fərdlər müstəqil həyata atılarkən müxtəlif peşə seçimi edirlər. Bu peşə seçimi Azərbaycan ictimai mühitində əsas etibarilə valideynlərin tövsiyəsi ilə, bir çox hallarda isə ətraf mühitin təsiri vasitəsilə müəyyənləşir.
R.İbrahimbəyov nə uğurlu kinorejissor, nə də uğurlu piarçıdır
Bəzi hallarda isə bu, fərdi dünyagörüşə və qənaətə söykənir. O peşə sahibləri əldə etdikləri peşə vasitəsilə böyük nailiyyətlər qazana bilirlər ki, onlar bu peşəni məhz öz fərdi qənaətlərinə, istəklərinə, dünyagörüşlərinə, fərdi daxili tələbatlarına görə müəyyənləşdirirlər. Çox təəssüf ki, Azərbaycan mühitində bir çox hallarda bu fərdi yanaşmaya, seçimə təzyiq və müdaxilələr olur. Nəticə etibarilə, Azərbaycan cəmiyyətinin ayrı-ayrı sektorlarını irəliyə aparacaq müəyyən potensial məhdudlaşdırılır.
Vaxtilə Rüstəm İbrahimbəyov da özünəməxsus bir peşə seçib, təhsil alıb. Onun bu peşəni hansı şərtlər, hansı təsirlər altında seçdiyi haqqında heç bir fikrimiz yoxdur. Amma onu bilirik ki, R.İbrahimbəyov özünə o qədər də uğurlu peşə seçməyib. Lakin buna baxmayaraq, öz peşəsinin piarını peşəkarlığı ilə müqayisədə nisbətən uğurlu apara, özünü cəmiyyətə tanıda bilib. Peşəkar kimi onun uğurlarının arxasında hər nə qədər başqa mühitin, başqa peşəkarların əməyi durursa, piar məsələsində isə onun şəxsi cəhdləri, daha doğrusu ən müxtəlif, hətta məhəlli səviyyədə tipik cəhdləri dayanır. Bütün bunlara baxmayaraq, hər halda R.İbrahimbəyov bir kinorejissor kimi tanınıb. Bədbəxtçilik ondadır ki, müəyyən bir yaş həddindən sonra insan öz peşəsini dəyişmək fikrinə düşür, faciə buradan başlayır. Çox təəssüf ki, gözümüzün qabağında qocaman bir rejissor birdən-birə nədənsə öz peşəsini dəyişmək fikrinə düşdü, siyasəti özünə peşə etməyə çalışdı. Lakin Azərbaycan siyasətində ciddi peşəkarlar olduğuna görə R.İbrahimbəyov siyasəti özünə peşə seçməklə siyasəti dəyişə bilmədi, əksinə, siyasət onu dəyişdi. O dərəcədə dəyişdi ki, köhnə peşəsini və bu peşənin az-çox ona gətirdiyi hörməti belə əlindən almış oldu.
Kinorejissoru siyasətçi edən səbəblər nədir?!
Bir növ aforizmə çevrilmiş belə bir fikir var ki, 20 yaşında inqilabçı olmayanın ürəyi, 40 yaşında inqilabçı olanın isə ağlı yoxdur. R.İbrahimbəyov birdən-birə 74 yaşında inqilabçı olmağa qərar verdi. Beləliklə, uzun əsrlərin sınağından çıxmış, aforizmə çevrilmiş bu ifadənin bütün məzmununu sözün həqiqi mənasında öz fəaliyyətində əks etdirməyə başladı. Bəs görəsən, R.İbrahimbəyov niyə birdən-birə siyasətçi olmaq fikrinə düşüb? Bu barədə dəfələrlə yazmışıq və bildirmişik ki, şəxsi iqtisadi və maliyyə maraqları, irrasional ictimai-əxlaqi dünyagörüşü və şəxsi emosional ambisiyaları onu öz peşəsini dəyişməyə sövq edib. Bu üç faktorun hər biri ayrılıqda təhlükəli sindromlardır və insanın daxili mənəvi-psixoloji strukturunun əsasını təşkil edirlər. Üstəlik, əgər bu faktorların heç biri keyfiyyətcə milli deyilsə, dövlətçiliyə meyilli deyilsə, yaşadığı cəmiyyətin mental keyfiyyətləri ilə hesablaşmırsa, insanın daxilində ciddi fəsadlar törədir və həm də antimilli ünsür kimi çıxış edir.
"Milli Şura", yoxsa antimilli dəstə?!
Ən təhlükəlisi isə odur ki, belə antimilli sosiopsixoloji keyfiyyətlərə sahib olan insan birdən-birə özünün "Milli Şura"sını yaratmağa çalışır. Əslində burada yaradılan nəsnə yuxarıda qeyd etdiyimiz üç neqativ psixoloji təzahürlərin daşıyıcısı olan əqlin məhsulu olduğu üçün tamamilə yararsızdır. Əsla milli deyildir. Heç Şura da deyildir. Burada "Milli" sözü antimilli məzmunu gizlətmək üçün, "Şura" sözü isə "dəstə" sözünü maskalamaq üçün işlədilib. Beləliklə də, bu iki kəlmə xalqımızın leksik fonduna daxil olduğu gündən bəri heç vaxt üzləşmədiyi təhrifə, hətta təcavüzə məruz qalıb. Ona görə də, R.İbrahimbəyov bu sözlərin həqiqi məzmunundan üzr istəməli və öz "Milli Şurasını" "antimilli dəstə" adlandırmalıdır. Bu həm kinorejissorun dəstəsinin əsl məzmununu və məqsədini ifadə etmək baxımından olduqca məqbuldur, həm də "Milli" və "Şura" sözlərinin ifadə etdiyi mənaya hörmətin qaytarılması baxımından ədalətlidir.
R.İbrahimbəyovdakı daxili keyfiyyətlər sosio-mədəni baxımdan azərbaycanlı mentalitetinə yad, sosio-psixoloji baxımdan eqoist və dağıdıcı, siyasi-mədəni baxımdan isə avtoritar və despotikdir
İndi isə ardıcıllıqla R.İbrahimbəyovun siyasətə atılmaqla qarşıya qoyduğu məqsəd və maraqlarının nə olduğunu açıqlayaq.
Birincisi, dedik ki, bu, iqtisadi maraqlardır. R.İbrahimbəyov haqqında mətbuatda gedən çoxsaylı yazılardan öyrənirik ki, harada olsa, bütün hallarda rəhbərlik etdiyi təşkilatda bir despotizm yaradıb, onu avtoritar qaydalarla idarə edib və mövcud maliyyə imkanlarının hamısına nəzarət etməklə onları mənimsəyib. Elə buna görə də, hazırda vergi borclarını ödəmədən ölkədən qaçıb.
Daxili psixo-emosional strukturu təşkil edən ikinci faktor isə qeyd etdiyimiz kimi, mədəni-psixoloji əhval-ruhiyyədir. R.İbrahimbəyovun fəaliyyətini izləyərkən şahidi oluruq ki, hələ Sovet dövründən bəri yazdığı əsərlərdə o, özünü Azərbaycan mədəni, ictimai mühitinin bir parçası hesab etmir, özünü yad bir mədəniyyətin nümayəndəsi kimi başa düşür, qavrayır və daim özünü bu şəkildə aparıb. Son dövrlərdə də bunun şahidi oluruq.
Üçüncü bir məsələ isə bu insanın daxili ambisioz eqosudur. Diqqət etsək, görürük ki, bu məsələ də R.İbrahimbəyovda olduqca qabarıqdır. Bu üç psixoloji faktoru analiz etdikdən sonra artıq cəsarətlə deyə bilərik ki, R.İbrahimbəyovdakı daxili keyfiyyətlər sosio-mədəni baxımdan azərbaycanlı mentalitetinə yad, sosio-psixoloji baxımdan eqoist və dağıdıcı, siyasi-mədəni baxımdan isə avtoritar və despotikdir.
Kinorejissor ictimai rəylə manipulyasiya etməyə çalışır
Çox təəssüf ki, birdən-birə siyasəti özünə yenidən peşə etmək istəyən bu şəxs Azərbaycanda "Milli Şura" yaratmaq fikrinə düşüb. Daxili məzmun və mahiyyət etibarilə şəxsiyyət olaraq heç də milli olmayan bir insanın "Milli Şura" yaratmağa, birincisi, mənəvi haqqı yoxdur, ikincisi, bu şura ilə millətin siyasi dünyagörüşünü və siyasi şüurunu manipulyasiya etməyə mənəvi haqqı yoxdur. Üçüncüsü, hər bir Azərbaycan vətəndaşının şəxsi prinsipial məsələsi kimi qəbul olunan Dağlıq Qarabağ problemi ilə bağlı loyal, ermənipərəst mövqe nümayiş etdirməyə haqqı yoxdur. Bu gün Azərbaycan cəmiyyətində R.İbrahimbəyovun bu mövqeyinə münasibət passiv, bir o qədər də loyaldır. Çünki Azərbaycan cəmiyyəti R.İbrahimbəyovu ciddiyə almır. Əgər onu ciddi siyasətçi kimi qəbul etsələr, onda vay R.İbrahimbəyovun halına.
Daxili ambisiya və aqressivlik maniya və fobiya yaradır
Bəs Azərbaycan cəmiyyəti niyə R.İbrahimbəyovu ciddiyə almır? Bunun bir sıra səbəblərini yuxarıda sadaladıq. Onun fəaliyyəti ilə bağlı son dövrlərdə ifadə etdiyi fikirlərdə şahidi olduğumuz daxili psixo-emosional vəziyyət isə R.İbrahimbəyovun ruhunda və mənəviyyatında ciddi fəsadların və deqradasiyaların olduğunu deməyə imkan verir. Bu nədir? Bir sosial psixoloq kimi hesab edirik ki, R.İbrahimbəyovun daxilində ambisiyadan, nəfsdən və yad mühitə adaptiv olan mənəvi keyfiyyətlərindən doğan bir aqressiya mövcuddur. Bu aqressiya onda qüsurlu psixo-emosional vəziyyət yaradır. Bu isə nəticə etibarilə, R.İbrahimbəyovda maniya və fobiya yaradıb. Maniya və fobiyanın hər ikisi olduqca qorxulu xəstəliklərdir. Üstəlik, əgər bu, ictimai xadim olmağa qollarını çırmamış bir adamın daxilində baş verən prosesdirsə, deməli, bu, qorxulu xəstəlik təkcə həmin adamın özü üçün deyil, ətrafdakılar üçün də təhlükəlidir. Əgər biz siyasət meydanına atıldığı gündən bu vaxta qədər R.İbrahimbəyovun fəaliyyətini izləsək, dediklərimizin nə qədər doğru olduğunu görəcəyik. İlkin mərhələdə R.İbrahimbəyov Azərbaycanda ermənipərəst, imperiyapərəst mühit formalaşdırmağa çalışdı və birinci peşəsində əldə etdiyi nüfuz sayəsində müəyyən addımlar ata bildi. Yəni, erməni kinorejissorlarını Azərbaycana dəvət etdi, Azərbaycanda yad mühitə aid olan mədəniyyəti imperativ mədəniyyət kimi təbliğ etmək istiqamətində müəyyən addımlar atdı. Lakin bu addımların altındakı məqsəd aydın olanda Azərbaycan cəmiyyəti bunun qarşısını aldı. Bundan sonra R.İbrahimbəyov ifşa olunmağa başladı, çünki bu, cəmiyyətin arzusu idi. Beləliklə, artıq növbəti mərhələdə siyasətə atıldığı gündən ard-arda uğursuzluqlara düçar olan R.İbrahimbəyovda maniya əlamətləri daha da gücləndi. O hesab edirdi ki, siyasət meydanına atılan kimi dərhal böyük uğurlar qazanacaq və Azərbaycanda çox güclü siyasi mövqeyə gəlib çatacaq. Bu mövqedənsə öz şəxsi maraqlarını həyata keçirmək üçün istifadə edərək Azərbaycanı yad mədəni keyfiyyətlərin daşıyıcısına çevirəcək, milli mədəniyyəti və ziyalıları küncə sıxışdıracaq, Bakıda özünəməxsus rusdilli mədəni mühit formalaşdıracaq, milli mədəniyyətimiz və dəyərlərimizi imperativ hesab etdiyi dəyərlərin hegemoniyası altına salacaq, Azərbaycanda ermənilərin əsas zümrə təşkil etdiyi yeni "mədəni mühit" formalaşdıracaq, ən nəhayət Dağlıq Qarabağın erməni separatçılarına verilməsi üçün müvafiq ictimai rəy formalaşdıracaq və nəticədə buna nail olacaq. Beləliklə də, Azərbaycanda İbrahimbəyovun şikəst eqosuna xidmət edəcək bir çarlıq qurulacaq. Lakin elə ilk addımındaca uçuruma yuvarlandıqdan sonra bu maniya fobiyaya çevrildi. Daxili mənəvi strukturunda xaos və deqradasiya prosesi başladı.
Kinorejissor daxilən mənəvi depressiya və deqradasiya ilə üz-üzə qalıb
Beləliklə, R.İbrahimbəyov vaxtaşırı mətbuatda əksini tapan fikirlərində öz daxili vəziyyətini ifadə etdiyi fikirlərin sətiraltı məzmununda Azərbaycan ictimaiyyətinə də bəlli etdi. İlkin mərhələdə qeyd etdi ki, guya onu həbs edə bilərlər, ona görə də, Azərbaycana gələ bilməz. Bu artıq fobiyanın ilkin əlamətləri idi. Bu günlərdə isə mətbuata bildirib ki, "bu hökumət... hər şey eləyə bilər. Öldürə bilər". Bu, fobiyanın yüksək dərəcəsidir. Ən qorxulusu odur ki, R.İbrahimbəyov öz daxili psixo-emosional vəziyyətini xalqa transfer etməyə çalışır, hesab edir ki, onun daxilində yaşadıqlarını bütün Azərbaycan xalqı yaşayır. Axı Azərbaycan xalqı onun kimi səhvə yol verməyib ki, onun yaşadıqlarını yaşasın. Onun fikrincə, Azərbaycanda xaos baş qaldıracaq, inqilab olacaq, ölkə dağılacaq. Bu, R.İbrahimbəyovun özünün daxili əhval-ruhiyyəsinin ifadəsidir, belə fikirlərin Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur.
"Siyasətçi" rejissorun xəyal qırıqlığı və çarəsiz etirafları
Məsələ ondadır ki, siyasətin çoxsaylı qapılarına yaxınlaşdıqca, o hər dəfə yeni qapıdan keçmək istəyəndə başqa bir xəyal qırıqlığına uğrayır. R.İbrahimbəyov bu günlərdə mətbuata müsahibəsində Azərbaycan hakimiyyəti ilə Rusiya rəhbərliyi arasındakı münasibətlərlə bağlı deyib ki, "Yalandan deyirlər ki, guya Rusiyadan narazıdırlar. Elə deyil, araları çox sazdır". Bu, ən çox dəstək umacağını düşündüyü ölkədən, həmin ölkənin siyasi dairələrindən R.İbrahimbəyovun artıq əlini üzməsidir. R.İbrahimbəyov bu cür ucuz siyasi şoulara getməzdən öncə siyasətin nə qədər dərin olduğunu başa düşsəydi, yaxşı olardı. O isə hər şeyi gec başa düşür. R.İbrahimbəyov bilmirdi ki, onu siyasət meydanına soyunduran mərkəzlər Rusiyada olan anti-azərbaycançı və ermənipərəst mərkəzlərdir. Onun bu oyunu Rusiya Federasiyasının strateji məqsədlərinə xidmət etmir, edə bilməz. Ona görə də, R.İbrahimbəyov bu gün çox böyük xəyal qırıqlığına uğrayıb və bunu açıq şəkildə mətbuatda ifadə edir. Əminəm ki, bir qədər sonra bəzi Qərb dairələrinin də ona vəd verdiyi dəstəyin məhz ermənipərəst dairələrdən gəldiyini anlayacaq, biləcək. Ermənipərəst dairələrin onun düşündüyü qədər güclü olmadığını anlayaraq anti-azərbaycançı mərkəzlərin aləti olmaqdan əl çəkəcək. Bu gerçəkliyi anladıqdan sonra artıq indidən həsrətini çəkdiyi Azərbaycan hakimiyyətinin himayəsinə sığınmaq üçün yollar axtaracaq.