...

Bayramınız mübarək, əziz QALİBLƏR!

Siyasət Materials 9 May 2013 13:48 (UTC +04:00)
Müharibənin nə olduğunu bizim xalq gözəl bilir. Elə bir ailə yoxdur ki, müharibənin açısını yaşamasın. Buna baxmayaraq əzmkarlıq hissi həmişə bizimlədir. Gün olsun ki, biz qalib babalarımızdan necə fəxrlə danışırıqsa, öyünürüksə, nəvələrimiz də bizim qələbələrimizə sevinsin,fəxr etsin!
Bayramınız mübarək, əziz QALİBLƏR!

Arzu Nağıyevin bloqundan

Bu gün böyük bir bayramdır. 9 May - Qələbə günüdür. Faşizm adlı bir kabus üzərində çalınmış, 68-ci ili tamam olan qələbə bayramıdır. Bu qələbənin sevincini bu gün bizə bəxş edənlər ilk əvvəl öz üzərində qalibdirlər,vicdanları, namusları üzərində qalibdirlər. Çünki insanı hisslərin belə əlçatmazlığı şəraitində bu qələbəyə nail olmaq adi insan imkanlarından kənardır. Lakin onlar bu qələbəni qazandılar. Həmin qələbə üçün vuruşanlar, onun əldə edilməsində arxa cəbhədə gündə 18-20 saat işləyənlərə eşq olsun! Bu, ən əvvəl onların bayramıdır.

Müharibənin nə olduğunu bizim xalq gözəl bilir. Elə bir ailə yoxdur ki, müharibənin açısını yaşamasın. Buna baxmayaraq əzmkarlıq hissi həmişə bizimlədir. Gün olsun ki, biz qalib babalarımızdan necə fəxrlə danışırıqsa, öyünürüksə, nəvələrimiz də bizim qələbələrimizə sevinsin,fəxr etsin!

Böyük Vətən müharibəsində qələbə heç də asanlıqla əldə edilməyib. Əlbəttə, müharibənin ədalətsizliyi, əsir düşənlərə qarşı haqsızlıqlar, ən çətin anlarda belə qədir-qiymət verilməməkdən də danışmaq olar. Bu gün bayramdır, Qələbə bayramı, veteranların, qaliblərin bayramı!

Bütün çətinliklərə baxmayaraq onların ürəkləri bu qədər sınaqlardan sonra codlaşmadı, qabalaşmadı. Qalib veteranlar bu gün də bizə səmimi qəlbdən öz arzularını, sevgilərini, emosiyalarını hədiyyə edirlər. Biz də bu hissləri qəbul etməli, hiss etməli və onların hansı çətinliklərlə üzləşdiyini çalışıb duymalıyıq.

Statistikaya nəzər salsaq görərik ki, bu müharibədə Azərbaycandan 650 mindən çox şəxs iştirak edib. Azərbaycanlılardan təşkil edilmiş və formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, Qafqazdan Berlinə qədər mübarizə yolu keçiblər, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

Bu müharibədə Azərbaycan nefti də həlledici amillərdən olub. 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Qələbə günü Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. 1941-1945 -ci illər müharibəsində iştirak etmiş soydaşlarımızdan 3000-dən çoxu hazırda sağdır. Bayramları mübarək olsun!

Gəlin onlardan örnək, igidlik nümunəsi götürək, ruhdan düşməyək, məyus olmayaq, səmimi qəlbdən kiçik və ya böyük qələbələrə sevinək,ağrı- acını babalarımız kimi dəf etməyi bacaraq və unutmayaq ki, bizim onlara Qarabağda qələbə kimi bir borcumuz qalıb. Onların özləri və ya ruhları rahat olmaq üçün biz bu qələbəni əldə etməliyik. Çünki babalarımızın bizə bəxş etdiyini nəvələrimizə verməyə qadirik və nəyin bahasına olursa olsun verməliyik.

Bir daha bayramınız mübarək, əziz QALİBLƏR!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti