Azərbaycan, Bakı, 9 may / Trend, müxbir M.Əliyev/
Yeni Azərbaycan Partiyası (YAP) və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cümә axşamı Nәrimanov rayonunun ərazisində ümummilli lider Heydər Әliyevin 90 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib.
Trend-in məlumatına görə, YAP Sədrinin müavini - icra katibi Әli Әhmədov tədbirdə bildirib ki, ulu öndər Heydər Əliyev də yaşıllıqları, ağacları çox sevib:
"Dahi şəxsiyyət Bakı şəhərində yaşıllıq zolaqlarının salınmasına xüsusi önəm verərdi. Biz də bu məqsədlə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar həyata keçirdiyimiz silsilə tədbirlərin siyahısına ağacəkmə kampaniyasını da daxil etmək qərarına gəldik".
Əhmədov qeyd edib ki, bu gün Bakının Nərimanov rayonunda böyük yaşıllıq zolağı salınır:
"Hesab edirəm ki, bu, YAP-ın fəallarının Bakı şəhərinin yaşıllıq zonalarının artırılmasına bir töhfəsidir. Bir neçə ildən sonra bu ağaclar böyüyərək ekologiyanın təmizliyinə öz töhfəsini verəcəklər".
Milli Məclis Sədrinin müavini Bahar Muradova isə bildirib ki, ağac əkmək, ətrafın gözəlləşməsində, abadlaşmasında iştirak etmək YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir:
"Bu, hər kəsə bir çağırış və mesajdır. Ətraf mühitin qorunması insanların müqəddəs işlərindən biri olmalıdır. Nəzərə alsaq ki, bu tədbir Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub, elə burada əkilən ağaclar dahi şəxsiyyətin ideyalarının bundan sonra da daha yaxşı göyərməsi, qol-budaq atmasının rəmzi mənası kimi qəbul edilə bilər".