Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə keçirilmiş təntənəli mərasimdə ABŞ-ın aparıcı ictimai xadiminə mükafat təqdim edilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, mayın 10-da ABŞ paytaxtında keçirilmiş tədbirin açılışında ABŞ-ın Vaşinqton və Savannah şəhərlərinin merlərinin təbrik məktubları oxunub.
Tədbirdə çıxış edən səfir E.Süleymanov Azərbaycanın dövlətçilik ənənələrinin bərpasının banisi ümummilli lider Heydər Əliyevin Vətəni və xalqının rifahına həsr olunmuş nümunəvi həyat yolu barəsində məlumat verib. Diplomat hazırda dövlətimizin əldə etdiyi bütün uğurların Heydər Əliyevin müdrik və uzaqgörən xarici siyasətinin bəhrəsi olduğunu bildirib və tarixdə şəxsiyyətin rolu barəsində danışıb.
Tədbirdə səfirlik tərəfində təsis edilmiş Azərbaycan-ABŞ münasibətlərinin inkişafına verdiyi töhfəyə görə ilk dəfə olaraq, Heydər Əliyev mükafatının təqdimatı edilib. Bu ali mükafat ABŞ Nümayəndələr Palatasının Avropa və Avrasiya üzrə altkomitəsinin keçmiş sədri konqresmen Dan Börtana (Dan Burton) təqdim edilib. D.Börton liderlik simvolu olan Heydər Əliyev adına mükafata ABŞ-ın Avrasiya regonunda siyasi xəttinin yürüdülməsində oynadığı aparıcı rola görə təltif olunub.
Qeyd edək ki, İndiana ştatını təmsil etmiş D.Börton ABŞ Konqresində Xocali faciəsindən bəhs edən ilk siyasətçi olub. Belə bir mükafata layiq görülməsindən böyük şərəf və məmnunluq hissi keçirdiyini bildirən D.Börton bundan sonrakı fəaliyyətində də ona göstərilmiş etimada sadiq qalaraq, dövlətlər arasında münasibətlərin dərinləşməsi üçün əlindən gələni edəcəyini bildirib.
Təbdirdə ABŞ-ın müxtəlif dövlət strukturlarının rəsmiləri, Vaşinqtona akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, analitik mərkəzlərin mütəxəssisləri, eləcə də türk və yəhudi icmasının çoxsaylı üzvləri, o cümlədən ABŞ Konqresi Nümayəndələr Palatasının sabiq spikeri Bob Livingston iştirak edib.