Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/
ABŞ Konqresinin Nümayəndələr Palatasının Texasdan olan üzvü konqresmen Ruben Hinojosa Azərbaycanın Respublika Gününün 95-ci ildönümü ilə əlaqədar bəyanat verib. Azərbaycanın ABŞ-dakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Ruben Hinojosa bəyanatda Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğunu, lakin bu müstəqilliyə sovet qoşunları tərəfindən son qoyulduğunu qeyd edir.
Konqresmen Azərbaycan və ABŞ-ın güclü münasibətlər formalaşdırdığını, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatların keçirilməsində, o cümlədən Əfqanıstandakı əməliyyatlarda ABŞ-a ciddi və çoxşaxəli dəstək verdiyini bildirib. O, eyni zamanda, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı xüsusi rolunu təqdir edib.