Təmkin Cəfərov - Trend-in icmalçısı
Bu gündən İranın Nəzarət Şurası tərəfindən qeydiyyata alınan namizədlər arasında rəqabət əsas mərhələyə keçdi və onlar artıq təbliğat-təşviqat kampaniyalarına başladılar. Qeydiyyatdan keçən prezidentliyə potensial namizədlər arasında Səid Cəlili, Qulam Əli Həddad Adil, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Rza Arif, Məhəmməd Qərəzi, Məhəmməd Baqir Qalibaf və Əli Əkbər Vilayəti var.
Səlahiyyəti təsdiq olunmayanlar arasında isə İranın sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani və Prezident Mahmud Əhmədinejadın qudası və müşaviri olan İsfəndiyar Rəhim Məşai, həmçinin Mənuçöhr Müttəki, Əlirza Zakani, Əkbər Ələmi, Mustafa Kavakibian və digərləri yer alıb.
Prezidentliyə real namizədlərin adlarının açıqlanmasına ilk münasibət ABŞ-dan gəldi. Belə ki, ABŞ Dövlət Departamenti İranın Nəzarət Şurasından bütün vətəndaşlara seçkilərdə azad iştirak etmək hüququnun verilməsini tələb etdi. Dövlət Departamentinin rəsmisi qeyd etdi ki, səlahiyyətləri təsdiq olunmuş şəxslərin əksəriyyəti İran hökumətinin təmsilçiləridir və onlar xalqı təmsil etmirlər.
Hələ Haşimi Rəfsəncaninin və Məşainin on gün əvvəl seçkilərdə qeydiyyatdan eyni vaxtda keçməsi İranın seçki ab-havasında canlanma yaratdı və bir çox ekspertlər üçün onların səlahiyyətlərinin təsdiqlənməməsi gözlənilməz oldu.
Namizədliyini irəli sürmüş və tanınmış simaların böyük əksəriyyəti hazırkı və ya bundan əvvəlki hökumətlərdə müxtəlif mənsəb sahibləri olublar. Bəziləri isə universitet müəllimi və tannmış ekspertlərdir.
Mühafizəkarlar düşərgəsi:
Səid Cəlili - Mühafizəkarları birləşdirə biləcək namizəd
Mühafizəkarlar düşərgəsindən olan Ali Milli Təhlükəsizlik Şurasının katibi və bu Şurada Ali Dini Rəhbərin nümayəndəsi Səid Cəlili İran-İraq müharibəsində iştirak edib. Namizədliyini irəli sürəcəyi hər zaman aktual olsa da, seçkilərdə qeydiyyata alınan günədək namizədliyini irəli sürəcəyini açıqlamamışdı. Mühafizəkarlar düşərgəsindən İslam İnqilabının Sabitlik Cəbhəsinin Cəlilini öz namizədi kimi təqdim etmək istəməsinə baxmayaraq, o, müstəqil şəkildə və heç bir cəbhənin bayrağı altına girmədən namizədliyini irəli sürdü. İctimai rəy onu prezidentliyə əsas namizəd hesab edir. Bir çoxları onun idarəetmə sahəsində az təcrübəsi olduğunu desə də, Cəlili ciddi qərar verə biləcək siyasi iradəyə malik şəxs kimi tanınır. İndiyədək Mühafizəkarlar düşərgəsindən qeydiyyatdan keçmiş bir neçə namizəd Səid Cəlilinin xeyrinə öz namizədliyini geri götürüb. İranda seçkilərin nəticələrini proqnozlaşdırmaq bir qədər çətindir və hər an surprizlər ola bilər, lakin prosesler belə davam etsə və Mühafizəkarlar düşərgəsi öz dəstəyini əsirgəməsə, Cəlili prezidentliyə əsas namizədlərdən biridir.
Əli Əkbər Vilayəti - prezidentliyə əsas namizədlərdən biri
İranın sabiq xarici işlər naziri və hazırda ölkənin Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə ali müşaviri Əli Əkbər Vilayəti Mühafizəkarların əsas koalisiyalarından biri olan və indiyədək hələ də özünü qoruyub saxlaya bilən "2+1" koalisiyasının (Vilayəti, Qalibaf və Həddad Adillə birgə təsis olunmuş üçlük koalisiyası) üzvüdür. Bu koalisiyanın üzvləri bundan əvvəl bildirmişdilər ki, üçlüyün ümumi məqsədi ilk mərhələlərdə seçkiyə getmək və təbliğat imkanlarından geniş istifadə etməkdir. Qalibafın Haşimi Rəfsəncani və Rəhim Məşainin namizədliklərini irəli sürməsindən sonra "koalisiyadan sohbət gedə bilməz, hər kəs öz proqramı ilə irəli gəlsin" deməsinə baxmayaraq, onlar yekun namizədin (koalisiyadan və ya düşərgədən digər namizəd) xeyrinə geri çəkiləcəklərini bildiriblər. "2+1" koalisiyasının üzvlərinin İranın ali lideri Ayətullah Əli Xamneyiyə yaxın şəxslər olmasına baxmayaraq, mühafizəkarların Səid Cəlilinin üzərində cəmləşməsi və onların Cəlilinin xeyrinə geri çəkiləcəkləri ehtimal olunur. Belə ki, bundan əvvəl Vilayəti Səid Cəlilinin namizədliyi aktuallaşandan sonra çıxışlarının birində onun dəstəklənməsinin mümkün olduğuna işarə etmişdi.
Məhəmməd Baqir Qalibaf - qalmaqallı namizəd
İranın sabiq polis komandiri, "Sepah"ın və İran ordusunun keçmiş komandirlərindən olan, hazırda Tehran meri vəzifəsində çalışan Məhəmməd Baqir Qalibaf da "2+1" koalisiyasının üzvüdür. Qalibaf namizədliyini irəli sürdükdən sonra ölkə saytlarında onun 2003-cü ildə polis komandiri olduğu dövrdə Tehran Universitetdə polis və tələbələr arasındakı qarşıdurma zamanı "atəş açma" əmrini verməsi ilə bağlı video yayımlandı. Sonra daha bir video da yayımlandı ki, Qalibaf həmin videoda polisin atəş açmamasına mane olan şəxs olduğunu bəyan etmişdi. Bu qalmaqallı video Tehran meri işlədiyi dövrüdə Qalibaf haqqında formalaşan imici bir qədər dəyişdi. Buna baxmayaraq, əgər bundan sonra namizədliyini Vilayətinin və ya Cəlilinin xeyrinə geri götürməsə, əsas favorit namizədlərdən biri hesab olunur. Qeyd edək ki, onlardan heç biri hələlik öz seçki platformalarını təqdim etməyiblər.
Qulaməli Həddad Adil - nəzakətli namizəd
İran parlamentinin sabiq spikeri Qulaməli Həddad Adil Məsləhət Şurasının və Mədəniyyət İnqilabının Ali Şurasının üzvüdür. Böyük ehtimalla mühafizəkar namizədlər arasında inteqrasiya missiyasını yerinə yetirmək üçün "2+1" koalisiyasına qoşulub. Seçki günü yaxınlaşdıqca üzvü olduğu koalisiyanın seçdiyi vahid namizədin xeyrinə geri çəkiləcək.
Möhsün Rzayi - böyük iddialar sahibi, lakin şanssız
İran İslam İnqilabı Keşikçilər Korpusunun sabiq komandiri və hazırda Məsləhət Şurasının katibi Möhsün Rzayi İranda kifayət qədər tanınmış siyasi sima olsa da, indiyədək bir neçə dəfə prezidentliyə namizədliyini irəli sürüb, lakin son anda namizədliyini geri götürüb və lazımi səs toplamayıb. Rzayi dəfələrlə öz çıxışlarında İranda iqtisadi vəziyyəti yaxşılaşdıracağını və ölkəni çiçəkləndirəcəyini bəyan edib. OŞ, iddia edib ki, ölkənin problemlərinin həlli yolunu bilir və bunu bacara bilər. o hər dəfə namizədliyini irəli sürərkən Bu iddialarla demək olar ki, çıxış edir, lakin bundan əvvəlki nəticələr, eləcə də onunla eyni düşərgədən daha güclü rəqiblərin olması bunu deməyə əsas verir ki, bu dəfə də onun prezident olmaq şansı azdır. Rzayinin yuxarıda adları çəkilən şəxslərin birinin xeyrinə geri cəkiləcəyi ehtimal olunur.
İslahatçılar düşərgəsi:
Həsən Ruhani - Muhafizəkarların əsas rəqibi
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri və İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi Həsən Ruhani özünü müstəqil namizəd kimi təqdim etsə də, həm də özünü islahatçı hesab edir. İslahatçılar düşərgəsinin lideri sabiq Prezident Məhəmməd Xatəmi, həmçinin ölkənin Məsləhət Şurasının sədri Haşimi Rəfsəncani Ruhaninin namizədliyini dəstəkləyirlər. Hazırkı şəraitdə İslahatçıların yekdilliklə dəstəklədiyi Haşimi Rəfsəncaninin namizəliyinin təsdiqlənməməsi ilə Ruhani bu düşərgədən əsas namizədlərdən biridir. Bundan əvvəl Ruhani çıxışlarının birində demişdi: "Rəfsəncani ilə apardığım müzakirələrə əsasən, sonda seçkilər günü mən və ya Rəfsəncani - ikimizdən biri qalacağıq". Hadisələr belə davam edərsə və yeni "sürprizlər" olmazsa (ali liderin müdaxiləsi ilə Haşiminin və Məşainin səlahiyyətinin təsdiqlənməsi ehtimalı var) Ruhani bu düşərgədən Muhafizəkarlar düşərgəsi ilə rəqabət apara biləcək əsas namizəddir.
Məhəmmədrza Arif - İslahatçıların namizədi
İranın sabiq Prezidenti Məhəmməd Xatəminin prezidentliyi dövründə vitse-prezident işləmiş Məhəmmədrza Arif hazırda İranın Mədəniyyət İnqilabının Ali Şurasının, eyni zamanda, Məsləhət Şurasının üzvüdür. Bəzi İran KİV-in apardığı sorğunun nəticələrinə görə, Arif İslahatçılar düşərgəsindən şanslı namizəddir. İslahatçıların lideri Məhəmməd Xatəmi və Haşimi Rəfsəncani Ruhaninin namizədliyini dəstəklədiyinə, digər tərəfdən Mühafizəkarların vahid namizədlə rəqabət aparmaq ehtimalı olduğuna görə Arifin Həsən Ruhaninin xeyrinə geri çəkiləcəyi güman edilir.
Məhəmməd Qərəzi - "kasıb, lakin iddialı namizəd"
Məhəmməd Qərəzi İranın sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə poçt və teleqraf naziri, eləcə də Mir Hüseyn Musəvinin Baş nazir olduğu dövrdə neft naziri işləsə də, artıq uzun müddətdir ki, siyasi proseslərdə iştirak etməyib. Gözlənilmədən namizədliyini verib və namizədliyi təsdiq olunub. Qərəzi bu gün keçirdiyi mətbuat konfransında deyib: "Pulum, seçki qərargahım, mətbuat katibim yoxdur, lakin ölkədəki inflyasiyanı və problemləri həll etmək üçün proqramım var". Qərəzinin seçki günü yaxınlaşdıqca digər islahatçı namizədin xeyrinə geri çəkiləcəyi ehtimal olunur.